O,açıqlamasında deyib ki, ailə üzvlərinin çoxu müəllimdir:
“Prezidentimiz müəllimlərin maaşının artırılması ilə bağlı fərman verib. Bunu gündəmə gətirmək yersizdir. Müxalifət qəzetlərinin isə bu mövzunu gündəmə gətirməsində məqsəd camaatı qızışdırmaqdır. Müsahibəni axıra kimi oxumaq lazımdır. Kontekstdən başlıq çıxarmaq düzgün deyil. Mənim ailəmdə hamı müəllimdir. Anam günortaya kimi müəllimlik edib, günortdan sonra dərzilik edərək bizi böyüdüb. Biz dörd qardaşıq. Dördümüzün də həyat yoldaşı müəllimdir. Həmçinin bacılarımın ikisi də müəllimdir. Yoldaşım, iki qızım da müəllimdir. Oğlanlarımın xanımları müəllimdir. Özüm də idarəçilik akademiyasında professoram”.
Komitə sədri vurğulayıb ki, o, özü də fəhləlik görmüş və əziyyətlə böyüyüb.
Xatırladaq ki, millət vəkilinin aşağıdakı fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu:
“Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”