Məlumatda bildirilir ki, Ziya Məmmədovla «Hafka»nın mövqelərinin kəskinləşməsinin səbəbi dəqiq bilinməsə də, aralarındakı biznes qurumlarının bölünməsi prosesi artıq başa çatdırılıb: «Biznes ayrılığında ən çox diqqətçəkən məqam isə Ziya Məmmədovun nəzarətində olan bankın səhmlərinin Hafiz Məmmədov tərəfindən alınması sayıla bilər. Bu hadisə təxminən 3-4 ay əvvəl baş verib. Hafiz Məmmədov Ziya Məmmədovun nəzarətində olduğu deyilən “Bank of Azerbaijan” ASC-ni də aldı. İndi həmin bankın səhmlərinin 42,97 faizi Hafiz Məmmədovun oğlu Kənanın, digər 42.97 faizi isə digər oğlu Sənanın adınadır. 13,31 faizi isə qardaşı Mübariz Məmmədovun adına keçirilib. Bu və ya digər faktlar da göstərir ki, artıq Ziya Məmmədovla tanınmış iş adamı, eyni zamanda, hakim düşərgədə ciddi nüfuz sahibi olan Hafiz Məmmədovun nəinki ortaqlığı, həm də dostluğu da bitib. Bu fakt bəziləri tərəfindən Ziya Məmmədovun tədricən təklənməsi və «vurulması» kimi də dəyərləndirilir».
Xatırladaq ki, bir neçə ay əvvəl sözügedən bankın satılması ilə bağlı Ziya Məmmədovun oğlu Anar Məmmədovun sahibi olduğu «ZQAN holdinq» rəsmi açıqlama versə də, bankın kimə satıldığı məxfi saxlanılmışdı.