Dünya miqyaslı ekspert Kamran Ağayev “Oracle Certified Master imtahanına gedən yol”dan danışıb
İKT sahəsində azacıq anlayışı olan hər bir kəsin Oracle şirkəti haqqında məlumatı var. Bu sferada işləyənlərin isə yəqin ki, ən böyük arzusu Oracle sertifikatlarına sahib olmaq, dünya səviyyəli ekspertə çevrilməkdir.
Azərbaycanlı gənclərin inkişafını daim diqqət mərkəzində saxlayan Azercell Telekom bu sahədə də tələbələrə yardımçı olur. Belə ki, dünya miqyasına çıxmaq, Oracle sertifikatlarına sahib olmaq istəyən gənclərə ilkin dəstək vermək üçün Azercell onların bacarıqlı mütəxəssislərlə görüşlərini təşkil edir.
Belə görüşlərdən növbətisi bu günlərdə Azərbaycan Texniki Universitetində (ATU) baş tutub. Azercell şirkətinin təşkilatçılığı ilə SABAH qrupunun tələbələri üçün unikal bir mühazirə təşkil olunub. Mühazirəçi qismində Azərbaycanda Oracle şirkətinin ən yüksək səviyyəli sertifikatına malik olan 7 nəfərdən biri - Azercell-in təmsilçisi Kamran Ağayev çıxış edib.
Tələbələrə necə yardım etməli?
Görüşün əvvəlində Texniki Universitetin SABAH qrup layihəsinin icra komitəsinin rəhbəri Elçin Ağakişiyev, ATU-nun prorektoru Mustafa Babanlı çıxış edərək layihənin məqsədi haqqında məlumat verdilər. Qeyd olundu ki, görüşün təşkilində əsas məqsəd tələbələrdə Oracle sisteminə maraq oyatmaq, onlara gələcək hədəflərini düzgün müəyyənləşdirməkdə kömək etmək, müvafiq biliklər qazanmaqda yardımçı olmaqdır. O cümlədən, bu işdə praktiki yardım göstərmək üçün azərbaycanlı mütəxəssislərin öz təcrübəsini gənclərlə paylaşmasına şərait yaratmaqdır.
Sonra isə ATU-ya dəvət olunmuş xüsusi qonaq – Oracle Master sertifikatının sahibi, Azercell şirkətində verilənlər bazası üzrə administrator Kamran Ağayev söz aldı. Dərin bilik sahibi olması ilə yanaşı, həm də müxtəlif sahələrdə geniş maraq dairəsinə malik olan Kamran Ağayev ATU tələbələrinə bu səviyyəyə necə gəlib çatması, Oracle Certified Master imtahanına hazırlaşması, üzləşdiyi çətinliklər, imtahan prosesinin özü haqda ətraflı məlumat verdi. Mühazirəsini rəngarəng şəkillər, vizual əlavələrlə tamamlayan Kamran çıxışının əvvəlində özünü tələbələrə daha yaxından tanıtdı.
Kamran Ağayev ötən il Oracle Master sertifikatını alıb. Onun UNİX-Oracle verilənlər bazasının idarəetməsi sahəsində 7 illik təcrübəsi var. Azercell-də işləməklə yanaşı, həm də Qafqaz Universitetində mühazirələrlə çıxış edir. O, Oracle-in dünyanın müxtəlif ölkələrində (ABŞ, Çin, Yaponiya, Tailand, Finlandiya, Türkiyə və s.) təşkil etdiyi konfranslarda çıxış etmişdir.
Ən böyük verilənlər bazasına malik şirkət
Kamran Ağayev tələbələrə Oracle barədə danışdı. Xatırlatdı ki, Oracle dünyada ən böyük verilənlər bazasıdır:
“Azərbaycanda da Oracle inkişaf etməkdədir. Artıq iri dövlət qurumları, nazirliklər də öz məlumatlarını bu bazada saxlamağa üstünlük verir. Təmsil etdiyim Azercell də 15 ildən artıqdır bu sistemdə işləyir”.
K.Ağayevin Azercell şirkəti ilə 5 illik əməkdaşlıq təcrübəsi var. Onun sözlərinə görə, Azercell bu sahədə liderliyi qoruyur:
“Azercell Azərbaycanın bir nömrəli operatorudur. Bununla yanaşı, ölkəmizdə ən böyük verilənlər bazasına malik şirkətdir. Azercell-də verilənlər bazasının həcmi terabaytları da aşır. Belə qurum dünyanın ən nüfuzlu və təhlükəsiz sistemi ilə işləməlidir”.
Master sertifikatını almaq üçün ilk addım
Adı mühazirə olsa da, Kamran Ağayevin çıxışı daha çox səmimi söhbət formatında təşkil olunmuşdu. Çox maraqlı diskussiya formasında keçən görüş zamanı qonaq gələcəkdə Oracle imtahanlarından keçmək niyyətində olan tələbələrə ilk növbədə nəyə diqqət yetirməyin vacib olduğundan danışdı.
“Oracle-da bir neçə sertifikatlar var ki, onların arasında ən yüksək səviyyəli olanı master sertifikatıdır. Dünyada cəmi 300 nəfər bu imtahandan uğurla keçib. Azərbaycanda onların sayı 7-dir. Əgər digər səviyyələrdə imtahan test üsulu ilə aparılırsa, master imtahanı praktiki üsulla keçirilir”.
K.Ağayev 9 ay ərzində hərtərəfli surətdə bu imtahana hazırlaşıb. İmtahan 8 ana bölmədən, 100 mövzudan ibarətdir. O, əvvəlcə həmin bölümlərdəki mövzuların hər biri ilə ətraflı tanış olub: “Daha sonra hansı materiallarla işləyəcəyini müəyyən etməlisən. Bunlar Oracle kitabları, internal məqalələr və bloqpostlardır. İmtahan üçün lazım ola biləcək kitablar Oracle.com saytının database bölməsində yerləşdirilib. Oracle internal səhifəsində isə bu şirkətin öz mühəndislərinin yazdığı məqalələri oxumaq olar”.
Google-dan uzaq durmaq
K.Ağayev hazırlıq mərhələsində bloqpostları araşdırıb, maraqlanıb ki, imtahana aid mövzularda işləyən mütəxəssislər hansı problemlərlə üzləşiblər. Paralel olaraq, o, həm də, forumlara da qatılıb.
Ekspert bildirir ki, növbəti mərhələdə artıq praktiki məşğələlərə keçib: “Ağlıma gələn bütün praktikaları yoxladım. 100 mövzunun hər birinə aid 4-5 fərqli praktikanı yerinə yetirdim. Yalnız bundan sonra özümü imtahana hazır hiss etdim”.
K.Ağayev Oracle Certified Master imtahanına hazırlıq dövründə maraqlı nəticələr əldə edib. Məsələn, başa düşüb ki, hər bir problemin həllini Google-da axtarmaq lazım deyil: “Bu axtarış saytından hamımız istifadə edirik. Bir problem çıxan kimi axtarış verib onu digərlərinin necə həll etdiyi ilə maraqlanırıq. Amma bəzən elə olur ki, həmin məqaləni yazan, forumda məsləhət verənin özü də düz etməyib. Elə olanda, biz də onların yolu ilə səhv gedirik. Anladım ki, belə getsə, Google məni savadsız edəcək. Siz də əgər hər şey burada axtarmağa çalışsanız, Google-da çalışan mühəndis yox, Google üzrə mühəndis olacaqsınız. Hansısa məlumatı almaq olar, amma hansısa problemin həllini oradan öyrənmək düzgün deyil, çalışıb özünüz məsələnin həllinə nail olmalısınız”.
K.Ağayev qeyd etdi ki, Master seritikatı üçün imtahandan öncə hər kəs əvvəlcə Oracle Associate və Professional sertifikatlarını əldə etməlidir. Bu sertifikatlar üçün imtahanları sualları bəzən internetdə tapmaq olur. Amma ən üstün olan Master sertifikatı imtahanı barədə hər məlumat tamamilə məxfi saxlanılır: “Master sertifikatı isə hər yerdə üstündür. Çox vaxt master sertifikatı olan adamla işdə intervyu aparanların özləri çətinlik çəkir”.
Kamran Ağayev Amerika nəşriyyatda çap olunan “Oracle Backup & Recovery: Expert secrets for using RMAN and Data Pump” kitabının müəllifidir. Qeyd edək ki, həmin kitab Azərbaycanda yoxdur. Onu yalnız Amazon.com saytından əldə etmək olar. Bu sahədə yazdığı kitablara, apardığı seminarlara görə K.Ağayev Oracle şirkəti tərəfindən xüsusi mükafat olan ACE Director tituluna layiq görülüb. Onun bloqları, özü haqqında məlumatı isə www.kamranagayev.com ünvanından da tapmaq olar.
Azercell təmsilçisi gənclərə gələcək karyeralarında kömək olacaq bəzi məsləhətlər də verdi. Məsələn, klaviaturada işləmək sürətini artırmağı tövsiyə etdi. Hətta, bunun üçün www.typeracer.com saytında qeydiyyatdan keçib yazı sürəti üzrə yarışmağı məsləhət gördü. Digər vacib məsələ - texniki ingilis dilini öyrənməklə bağlı idi: “Hesab edin ki, bu, sizin üçün həyatın qanunudur, yeyib-içdiyiniz kimi ingilis dilini də bilməlisiniz”.
İstəsən - hər şey mümkündür
Kamranın çıxışına böyük maraq nümayiş etdirən tələblər onu sual atəşinə tutmuşdular. Gənclərin əksəriyyəti də Kamranın belə ciddi işlərin fonunda imtahana hazırlığa necə vaxt tapması ilə maraqlanırdı. Amma qonağın cavabı da çox sadə idi: “İşə bir saat tez gəlib, bir saat da gec çıxıram. Nahara 1 saat yox, 15 dəqiqə sərf edəndə də, vaxt udursan. Həftə sonları dostlarla qarlı havada xaş yemək əvəzinə, məşğul olursan. Bir sözlə, istirahət əvəzinə öz üzərində işləyirsən”. K.Ağayev əmindir ki, qarşısına nəyisə məqsəd qoyan insan buna “vaxtım çatmadı”, “iş tapa bilmədim” kimi bəhanələr gətirməməlidir.
Onu da qeyd edək ki, K.Ağayevin uğurları tək bunlarla məhdudlaşmır. O, 200-ə yaxın məqalənin müəllifidir. Azerbaijan Oracle İstifadəçilər qrupunu təsis edib. Hər dəfə bu şəbəkədə təşkil olunan görüşlərə yüzlərlə insan gəlir. Vətənpərvərliyi ilə fərqlənən Kamran xarici ölkələrdəki çıxışları zamanı mütləq ilk öncə Azərbaycan haqqında məlumat verir.
K.Ağayev eyni zamanda idmanla da peşəkar surətdə məşğuldur. Jiu-jitsu idman növü üzrə 8 beynəlxalq yarışda iştirak edib, ötən il Abu-Dabidə keçirilən yarışmada 1-ci yerə çıxıb.
Azərbaycanda 7 Oracle Master sertifikatından birinə malik olan K.Ağayev deyir ki, əgər insan öz qarşısında aydın məqsəd qoyarsa, nə dərəcədə çətin olmağından asılı olmayaraq, ona çata bilər: “İnanıram ki, bu mühazirədən sonra tələbələr arasında həm Oracle sisteminə, həm də konkret bu sertifikata maraq çoxalacaq, onlarda gələcək karyeralarını inkişaf etdirmək üçün əlavə stimullar yaranacaq”.