Daşınmaz əmlak bazarında nələr baş verir? Manatın 33 faiz ucuzlaşması əhalinin banklardan əmanətlərini sürətlə geri çəkməsinə səbəb olub. Hazırda insanlar əllərində olan vəsaitləri iki istiqamətə yatırım edirlər: dollar və daşınmaz əmlak.
“Qafqazinfo” xəbər verir ki, "Əmlak Bazarı İştirakçıları" İB-nin sədri Ramil Osmanov "Bizim Yol"a deyib ki, daşınmaz əmlak bazarında hələ ki, gözlənilən aktivlik müşahidə olunmur: "Amma əhalinin əlindəki vəsaitləri daşınmaz əmlaka yatırması aktivliyi artıracaq. Hazırda insanlar əllərindəki vəsaiti hansı valyutada saxlaması ilə bağlı dilemma qarşısında qalıblar. Ola bilsin, alternativ olaraq daşınmaz əmlaka yatırım qoyulması cəlbedici görünməyə başlayacaq. Çünki burada risk, itki əmsalı kifayət qədər aşağıdır".
Ekspert düşünür ki, mart ayının sonralarından, aprel ayının əvvəlindən başlayaraq, daşınmaz əmlak bazarında müəyyən artım dinamikası müşahidə olunacaq: "Hazırda dinamikanın yaranmasının qarşısını alan bir sıra nədənlər var. Belə ki, reiltorlar daşınmaz əmlaka dair satış qiymətlərini tam müəyyən edə bilməyiblər. Tutaq ki, bir mənzilin qiyməti əvvəllər 55 min manat idisə, o zaman bu 70 min dollar edirdi. İndi bəzi reiltorlar həmin mənzilləri 70 min dollara satışa qoyub. Bu cür yanaşmalar əmlakın realizasiyasını çətinləşdirir, ekpozisiya müddətini uzadır. Hələ ki, hər kəs gözləmə mövqeyindədir, nələrin baş verəcəyini öyrənməyə çalışır. Bu baxımdan bir müddətdən sonra aktivlik müşahidə ediləcək".
R.Osmanov sözügedən sektorda 10 faizlik bahalaşmanın olacağını düşünür: "Bahalaşma isə artıq müşahidə olunmağa başlayıb. Son bir neçə həftədə 10 faizə yaxın qiymət artımı baş verib. Manatın devalvasiyasından əvvəl təqribən 15 faizə yaxın ucuzlaşma var idisə, indi qiymət artması bərpa olunub. Qiymətlər yenidən ötən illərin ortalarındakı səviyyəsinə çatıb. Əgər aktivlik artarsa, daşınmaz əmlak bazarında qiymət artımı qaçılmaz olacaq.
Digər tərəfdən neftin qiymətində də yüksəlməyə doğru meyllər var. "Qara qızıl"ın dəyəri 75 dolları ötərsə, o zaman hökumət indi dayandırdığı infrastruktur layihələrini davam etdirəcək. Belə olan halda, bazara pul kütləsi, alıcı sayı artacaq və bu, qiymət artımına gətirib çıxara bilər.
"Value and Sources Konsaltinq" şirkətinin baş direktoru Rəşad Əliyev isə hesab edir ki, daşınmaz əmlakın real dəyərini qısamüddətli dövr üçün inflyasiya göstəricisi ilə uzlaşdırmaq olar: "İnflyasiya səviyyəsi ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Ən bədbin proqnozlara əsasən, ilin sonuna kimi orta hesabla 15 faiz olacaq. Əgər bu məntiqlə yanaşsaq, belə çıxır ki, daşınmaz əmlakın manat ifadəsində real dəyəri ilin sonuna kimi 15 faiz artmalıdır. Təbii ki, bu cür hesablamanı düzgün hesab etmək olmaz.
Qiymətlər dollar ifadəsində azalmağa, manat ifadəsində isə artmağa meyllidir. Buna görə də bazarda qiymət artımı dedikdə, daşınmaz əmlak obyektlərinin qiymətlərinin yalnız manat ifadəsində artımı nəzərdə tutulur".
R.Əliyevə görə, devalvasiyadan sonra daşınmaz əmlak bazarına diqqət xeyli artıb. "Bu diqqət özünü daha çox qiymətlərdə göstərir, real alqı-satqı əməliyyatlarının sayının artmasından danışmaq tezdir. Araşdırmalarımız göstərir ki, alıcı qismində çıxış edənlərin əksəriyyəti əlində külli miqdarda manat olan şəxslərdir. Onlar mənzili almaqla manatın dəyərdən düşməsini sığortalamaq istəyirlər. Ancaq hələ ki, real tələbdən söhbət getmir. Çünki onların mənzillərin qiyməti ilə maraqlanması qəti qərara gəlmələri demək deyil. Onlar pulu dollara çevirməyi və ya banka manatla depozitə qoymağa da qərar verə bilərlər. Manatı gözləyən təhlükə, yəni devalvasiya artıq baş verib və bundan sonra manatı nədən qorumaq istədikləri aydın hiss olunmur. Əldəki vəsaiti qorumaq üçün 10-15 faiz bahalaşmış mənzilin alınmasını anlamaq olar, ancaq 25-35 faiz bahalaşmış mənzilin alınması anlaşılan deyil. Bazarda panika azaldıqca alıcılar artıq daha məntiqli addımlar atmağa başlayacaqlar. Hər şey manatın gələcək devalvasiya gözləntilərindən asılı olacaq.
Dollar ifadəsində qiymətlərin enişini görən potensial alıcılar daşınmaz əmlakın hansı anda alınması haqda düşünəcəklər. Əgər məlum olsa ki, devalvasiyadan sonra qiymətlər dollar ifadəsində 10 faiz aşağı düşüb, bu halda onlar daha çox gözləmə mövqeyi tutmağa üstünlük verəcəklər. Bu halda bank depozitinə pul qoyuluşu daha cəlbedici görsənir. Bazara giriş üçün ən azı 20-25 faizlik qiymət enməsi müşahidə edilməlidir".
Ekspertin fikrincə, daşınmaz əmlak bazarında ilin sonuna kimi dollarla ifadə olunmuş qiymətlər üzrə 10-25 faiz enmə olacaq: "Ən çox enmə likvidliyi aşağı olan obyektlərdə olacaq. Gözlənilməz hadisələr olmayacağı təqdirdə manatla ifadə olunmuş qiymətlər üzrə isə 11-27 faiz artım olacaq. Ən çox artım yüksək likvidliyə malik əmlaklar üzrə olacaq.
Orta qiymətlərin bu intervaldan kənara çıxması ehtimalı 3 amildən asılı olacaqdır: neftin qiyməti, bank sektorunun vəziyyəti və manatın gələcək məzənnəsindən".