Yanacaqdoldurma məntəqələrində avtomobillərə vurulan yanacağın kəsilməsi ilə bağlı şikayətlərin sayı artır.
Son vaxtlar belə şikayətlər sosial şəbəkələrdə yayılır. İstehlakçıların hüquqlarının müdafiəsi qurumları da belə şikayətlərin artdığını bildirirsələr də, onun qarşısını almaqda aciz olduqlarını qeyd edirlər.
Bəzi YDM-lər yanacağı 10-15% kəsirlər
YDM-lər barədə sosial şəbəkələrdə yayılan məlumatlarda bildiriir ki, məntəqələrdə benzin və dizel yanacağı vurularkən 10-15% kəsilir. Yəni, misal üçün 30 litr benzin əvəzinə maşının bakına 25-27 litr yanacaq vurulur.
Sosial şəbəkə istifadəçilərdən biri yazır- "YDM-də yanacaq dolduranda 2 litr az vururlar. Məsələn, "Azpetrol”da aparat 10 litr yanacaq vurulduğunu gostərir, maşının "datciki” isə yanacağın cəmi 8 litr artdığını göstərir. Səbəbini soruşanda problemin avtomobildə olduğu bildirilir. Yəni yanacağın az vurulmasını sübut etmək olmur”.
«Belə çıxır ki, biz A92-ni 1 manata alırıq»
Digər bir sürücü yazır: "Mən Bakının bütün YDM-lərində benzin vurub yoxlamışam. Hamısında 10-20% kəsirlər. Hətta, "SOCAR”da 20 manatlıq benzini 20 saniyə ərzində vurdular. Mübahisənin xeyri olmadı, bunu sübut etmək praktiki olaraq mümkün deyil».
"Azpetrol”da qırmızı yanan anda "polnu bak” benzin vurdurdum, bir neçə gün sonra məlum oldu ki, maşın 100-ə 20 litr işlədibmiş. Halbuki, davamlı tıxac hallarında belə mənim maşınım 13 l-dən artıq yanacaq işlətməyib. Hesablayanda belə çıxır ki, yanacaq bakına 57 litr əvəzinə cəmi 45 litr vurulub.
Bundan başqa, benzin də keyfiyyətsizdir, maşın ideal vəziyyətdə olsa da, motor boğulur. Belə çıxır ki, biz A92 benzini faktiki olaraq 1 manata alırıq”.
Qeyd etmək istəyirik ki, yanacağın az vurulması ilə bağlı sürücülərin çoxu eyni fikirdədir. YDM-lər isə bunu etiraf etmirlər, lakin belə hallarda müştərinin bunu sübut etmə imkanları demək olar ki yoxdur.
"Belə problem olanda bizə müraciət etsinlər”
Amma yanacaqdoldurma şirkətləri bu şikayətləri yenə də əsassız sayırlar. "Azpetrol” şirkətinin mətbuat katibi Camal Zeynaloğlu fins.az-a bildirdi ki, belə şikayət olanda dərhal yoxlama aparılır: «Yoxlamalar göstərir ki, şikayətlər əksər hallarda haqsızdırlar. Çünki bu yanacaqdoldurma aparatları elə qurulub ki, o verilən əmrdən az yanacaq vura bilməz. Bizim məntəqələrdə menzurka var. İstənilən sürücü onun vasitəsilə aparatın nə qədər yanacaq vurduğunu yoxlaya bilər”.
Şirkət rəsmisi bildirdi ki, müştərilər belə problemlə qarşılaşdıqda rəhbərliyə müraciət edə bilərlər: "Bəzən elə ola bilər ki, hansısa operatorun səhvi ucbatından hansısa müştəriyə az benzin verilib. O halda bizim rəhbərlik tərəfindən dərhal müvafiq tədbirlər görülür. Fakt təsdiqini tapdıqda, müştərinin haqqı bərpa olunur, bunu edən əməkdaş isə cəzalandırılır”.
"Şikayətlər çoxdur, amma biz bunu yoxlaya bilmirik”
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə (AİB) müraciət etdik. Birliyin sədri Eyyub Hüseynov bildirdi ki, AİB-ə belə müraciətlər tez-tez daxil olur: "Sürücülər tərəfindən bizə əsasən, yanacağın kəsilməsi, yanacağı kanistrə vurmaqdan imtina edilməsi və nağdsız ödənişlərin qəbul edilməməsi ilə bağlı müraciətlər olur”.
AİB sədri bildirdi ki, sürücülərin şikayətinə görə, YDM-lər yanacağın kəsilməsi üçün uzun şlanqlardan istifadə edirlər: "Bəzi YDM-lərdə uzun şlanqlar tətbiq olunur ki, benzin sayğacdan çıxır amma yekunda şlanqın içində baka çatmamış azı 1-2 litr qalır”.
Bundan başqa, sürətli vurulma zamanı da, yanacaq köpük halında vurulur ki, bu da nəticədə faktiki həcmdən daha az yanacağın baka daxil olmasına səbəb olur: «Məntəqələrdə menzurka olmalıdır ki, sürücülər istədikləri vaxt yanacaq aparatın nə qədər yanacaq vurmasını yoxlaya bilsinlər. Üstəlik, istehlakçı benzini qaba tökdürüb də ala bilər, bundan imtina etməyə YDM-in heç bir əsası yoxdur»-deyə E.Hüseynov bildirir.
Şikayətlərin çox olmasına rəğmən hələlik bu sahədə monitorinq apara bilmədiklərini deyən birlik rəhbərinin sözlərinə görə, belə halları süburt etmək çox çətindir. Ekspert, belə hallarla bağlı şikayətlər əsasında monitrinq aparmadıqlarını, vətəndaşların bu kimi hallarda İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət etmələrini məsləhət gördü.