Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında bu il 13 rayonda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına yönələn günərzi qayğı formasında xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bununla əlaqədar ƏƏSMN tərəfindən “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi qayğı mərkəzləri xidmətinin göstərilməsi” üzrə müsabiqə keçirilir.
Müsabiqədə qalib gələcək ixtisaslaşmış QHT tərəfindən müvafiq layihə çərçivəsində Astara, Ağsu, Beyləqan, Qazax, Yardımlı, Ağcabədi, Qax, Yevlax, Lənkəran, Tovuz, Bərdə, Quba və İsmayıllı rayonlarında çətin həyat şəraitində olan uşaqlar və onların ailələri günərzi qayğı xidmətləri ilə təmin ediləcək. ƏƏSMN tərəfindən sosial sifarişlər üzrə elan olunan bütün müsabiqələr, eləcə də müsabiqələrin nəticələrinə dair məlumatlar nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki “Sosial sifarişlər üzrə müsabiqələr” bölümündə təqdim edilir.