“585” – “Daşınan şəhər telefon xidməti”
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi innovativ texnologyaların tətbiqi nəticəsində sabit telefon şəbəkəsi tarixində ilkə imza atıb. “Aztelekom” İB-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, daim müştərilərinə keyfiyyətli xidmətlər göstərməyi hədəfləyən qurum bu siyahıya növbəti xidməti əlavə edib.
“585”-“Daşınan şəhər telefon xidməti” müştərilərə rahatlıq və operativlik gətirəcək. Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefonlar artıq bölgələrdə də 585 indeksi ilə eyni statusla işləyəcək. Belə ki, regionlardakı hər bir müştəri Bakı şəhər telefonlarından istifadə edə biləcək. Alternativi olmayan bu xidmət nəticəsində Bakı şəhər telefon nömrəsi respublika ərazisində istənilən yerə daşınacaq. Şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə ödənişsiz danışıqlar aparmaq mümkün olacaq. Bununla da daha dayanıqlı rəqəmsal rabitə yaranacaq və rabitə sahəsində ilk dəfə “şəhər-kənd” arasında rəqəmsal uçurum yox olacaq. Daşınan telefonlarla respublikanın bütün (Naxçıvan MR istisna olmaqla) ərazisində bir-biri ilə limitsiz və pulsuz danışmaq mümkündür. Abunə haqqı ayda 15 manatdır.