“Neft ilin sonuna qədər 60 dollar olsa Azərbaycan dövlət büdcəsinin itkisi 6-7 milyard manat olacaq”
Millət vəkili Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında makroiqtisadi göstəricilərlə bağlı həmkarlarının çıxışlarını tənqid edib.
AzVision.az-ın məlumatına görə, deputat bildirib ki, bəzi həmkarları makroiqtisadi göstəriciləri bilmədən ağızlarına gələnləri danışırlar.
Onun sözlərinə görə, Azərbaycanda manatın devalvasiyası çoxdan lazım idi: “Lakin devalvasiyanın aparılma yolları var idi. Bütün MDB məkanında milli valyutaların hamısı dəyərdən düşüb. Lakin Azərbaycan öz milli valyutasını uzun müddət qoruyub saxlaya bildi. Azərbaycan manatının yumşaq devalvasiyası həyata keçirilməli idi. Lakin təəssüf ki, manat birdən-birə 34 faiz dəyərdən düşdü. Mərkəzi Bankla daim əlaqəli şəkildə işləyirdik. Manatın dəyərdən düşməsindən iki gün əvvəl bizə deyilmişdi ki, devalvasiya 85-90 qəpik arasında olacaq. Təəssüf ki, Mərkəzi Bank öz sözünün üstündə dayanmadı”.
Millət vəkili bildirib ki, bu çox ciddi bir prosesdir və əhalinin müəyyən hissəsinə öz mənfi təsirini göstərəcək: “Süni qiymət artımı nəyinki, paytaxda, eləcə də bölgələrdə də hiss olunmağa başlayıb. Buna görə də süni qiymət artımına qarşı mübarizə ilə bağlı aidiyyatı qurumlar tədbirlər planı hazırlamalıdır. Eyni zamanda banklarda olan depozitlərin dəyərdən düşməməsi üçün də yollar axtarmaq lazımdır”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, milli valyutanın məzənnəsinin dəyişməsi bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatçılıq doğurur.
Komitə sədri bildirib ki, neftin qiymətinin dünya bazarında aşağı düşməsi bu prosesə təsir edən amillərdən biridir:
“2015-ci ilin dövlət büdcəsində neftin 1 bareli 90 dollar nəzərdə tutulsa da, hazırda bu göstərici 60 dollar civarındadır. 60 dollarlıq göstərici ilin sonun qədər qalsa, Azərbaycan dövlət büdcəsinin itkisi 6-7 milyard manat olacaq. Manatın sabit qalması üçün Mərkəzi Bank ildə 2-2.5 milyard investisiya yatırır.
Ekspertlər haqlı olaraq qeyd edirlər ki, bu proses uzun müddət davam edə bilməz. Çünki bu prosesin uzun müddət davam etməsi bankların ehtiyyatının tükənməsinə gətirib çıxara bilər. Son 10 ildə Azərbaycan iqtisadiyyatı çox inkişaf edib və istəməzdim ki, həmin inkişafa kölgə salaq”.