Dünən günün ikinci yarısından Bakıda başlayan qar və çovğun paytaxtın elektrik, qaz, su təsərrüfatında qəzalara səbəb oldu, yollar bağlandı.
“Qafqazinfo” virtualaz.org saytına istinadən xəbər verir ki, qarın əriməsi isə Bakıda yağışdan sonra görməyə alışdığımız mənzərələri yaradıb. Bakı və ətraf qəsəbələrdə yollar, səkilər, evlər sular altında qalıb.
Hər yağışdan sonra sular altında qalan rayonlardan biri də Sabunçudur. Sabunçu vağzalı hazırda su altındadır. Avtobusların hərəkəti məhdudlaşıb, sakinlərin gediş-gəlişi çətinləşib.
Onlarla maşın su altında qalıb. Çağırışa gedən təcili tibbi yardım maşını da Sabunçu vağzalının sularından keçə bilməyib. Təcili tibbi yardım maşını ətrafda olanların köməyi ilə sudan çıxarılıb.