Şirkət “Təhsil üzrə ən yaxşı KSM layihəsi” nominasiyasında birinci olub.
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən təsis edilən “Təhsil üzrə ən yaxşı KSM layihəsi” nominasiyasında birinci yerə layiq görülüb.
30-a yaxın AmCham üzvü tərəfindən təqdim olunan 70-ə yaxın layihə arasında “Bakcell”in Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində həyata keçirilən və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinə dəstək layihəsi xüsusi seçim komitəsi tərəfindən 176 baldan 110 toplayaraq birinci yerə sahib çıxıb.
Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində icra olunan və 260-dan çox uşağı əhatə edən “İcma əsaslı reabilitasiya” layihəsi çərçivəsində əlilliyi olan uşaqların sosial ünsiyyət bacarıqlarının artırılması ilə yanaşı, onlara sosial reabilitasiya xidmətləri göstərilir. 2010-cu ildən etibarən bu layihə sayəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar idman, rəqs, dram, incəsənət, kompüter, foto və digər faydalı dərnəklərdə müxtəlif bacarıqlara yiyələniblər. Bununla yanaşı, uşaqlar üçün mütəmadi olaraq müxtəlif bayram tədbirləri və gəzintilər təşkil olunub.
***
Azərbaycanın telekommunikasiya sektorunun ən iri iştirakçılarından biri olan Bakcell şirkəti eyni zamanda məsulliyyətli korporativ vətəndaş funksiyasını qürürla yerinə yetirir. Bakcell-in KSM strategiyası iki istiqamətdə fəaliyyət göstərir: xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası və gənclərin təhsili.
Bakcell, bütün uşaqların özlərini cəmiyyətin bərabərhüqüqlu üzvləri hesab etmələri istiqamətində böyük rolunun olduğuna inanır. Şirkətin 2009-cu ildən başlayaraq həyata keçirdiyi “Bakcell Stars” adlı Korporativ Sosial Məsuliyət (KSM) proqramının çox sadə bir məqsədi var: xüsusi qayğıya ehtiyacı olan uşaqlara yardım etmək. Bakcell öz KSM siyasəti ilə ölkənin hər yerində yaşayan fiziki və emosional qüsuru olan uşaqlara və onların ailələrinə ümid bəxş edir. Bu sahədə bizim əsas tərəfdaşlarımız bütün dünyada qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş uğurlu layihələrə imza atan ”Save the Children”, “SOS Uşaq Kəndləri”, “Azərbaycana Birgə Yardım” və “İnkişaf Naminə idman” təşkilatlarıdır.
KSM strategiyasının ikinci istiqaməti olan təhsil proqramının məqsədi gəncləri informasiya-kommunikasiya texnologiyaları dünyası ilə daha yaxından tanış etmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq və ölkənin telekommunikasiya sektorunda uğur qazanmaq potensialı olan gənc kadrları dəstəkləməkdir. Bakcell sürətlə inkişaf edən bu qabaqcıl sektorun artan tələblərinə cavab vermək üçün yüksək ixtisaslı İKT mütəxəssislərin hazırlanmasının çox vacib olduğunu dərk edir. Ona görə də biz gənclərin təlimi və karyera inkişafı üçün böyük sərmayələr qoyuruq və bu, bizim cəmiyyətin gələcəyinə yönəlmiş korporativ sosial məsuliyyət töhfəmizdir. Bu sahədə Bakcell-in ən böyük tərəfdaşı JAA Azərbaycan təşkilatıdır. Bundan başqa, Bakcell ölkənin bır sıra aparıcı universitetləri ilə yaxından əməkdaşlıq edir, məzun layihələri həyata keçirir.
***
Hazırda Bakcell, “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası ilə birlikdə “Rəqəmsal kənd” layihəsini icra edir.
Layihənin məqsədi “SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyasının himayəsində yaşayan uşaqların müasir informasiya-kommunikasiya texnologiyalarından və İnternet resurslarından istifadəsinə şərait yaratmaqdır. Layihə uşaqların İnternet məkanından resurs kimi istifadə edərək lazımi məlumatlara çıxışını təmin edəcək, həmçinin onlara ev tapşırıqlarını yerinə yetirmək və əlavə biliklər əldə etməkdə dəstək olacaq.
Bu məqsədlə Bakcell şirkəti Bakı və Gəncə şəhərində yerləşən SOS kəndlərində uşaqların yaşadığı bütün evləri ən yeni kompüter avadanlığı ilə təchiz edib. Hər iki uşaq kəndində Wi-Fi infrastukturu qurulub. Bununla yanaşı, uşaqların İnternetə təhlükəsiz çıxışını təmin etmək məqsədilə məzmunun filtirlənməsi həyata keçirilib.
***
“Bakcell”in, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və “British Council Azerbaijan” Təşkilatının dəstəyi ilə həyata keçirilən “TOPs Proqramı – Sağirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi“ model layihəsinin məqsədi hədəf Bakı Şəhər Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən, 3 ümumtəhsil məktəbində fiziki tərbiyə fənnini tədris edən müəllimləri bu fənn üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Bu metodun tətbiqieyni zamanda, təhsil müəssisələrində təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılmasına, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına xidmət edir.
Layihədən nəticəsində fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikası təkmilləşdiriləcək və ölkənin bütün ümumtəhsil məktəblərində tətbiq oluna biləcək fəal təlim metodu hazırlanacaq. Eyni zamanda 3000 nəfərdən artlıq uşaq və valideynin sağlam qida, fəal həyat tərzi, idmanın sosial bacarıqların inkişafında roluna dair məlumatlılığı artacaq.
***
“İnkişaf Naminə idman” İB “Bakcell”in dəstəyi ilə ötən il Azərbaycana ilk dəfə olaraq əlilliyi olan insanlar üçün kompüter avadanlığı gətirərək uşaq inkişaf mərkəzlərinə və inkluziv ümumtəhsil müəssisələrinə bağışlayıb.
Bakcell və “İnkişaf Naminə idman” İB tərəfinfən həyata keçirilən “Bərabər imkanlar və inklyuziyaya aparan yol” adlı layihə müxtəlif dərəcəli əlilliyi olan uşaqların kompüter sahəsində bilik və bacarıqlarının artırılmasını, əlilliyi olan uşaqların valideynləri arasında bilik, bacarıq və təcrübə mübadiləsinin təşkilini və Azərbaycanda fəaliyyət göstərən uşaq inkişaf mərkəzlərinə və inklüziv ümumtəhsil müəssisələrinə əlilliyi olan uşaqların ehtiyaclarına uyğunlaşdırılmış yardımçı kompüter avadanlığının təqdim olunmasını əhatə edirdi.
Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan insanlar üçün alternativ monitor, klaviatura və mouse Bakcel şirkəti tərəfindən İngiltərədə bu istiqamətdə ixtisaslanmış “inclusive Technology Ltd”dən alınaraq Bakıya gətirilib.
***
Bakcell şirkəti istər KSM, istərsə də sponsorluq layihələri vasitəsilə Azərbaycanda müxtəlif səviyyələrdə təhsilin inkişafını dəstəkləyən layihələr həyata keçirməyə davam edəcək.