Bu gün Azercell Telekom-un 2014-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, Azercell-in prezidenti vəzifəsini icra edən Vahid Mürsəliyev bildirib ki, 2014-cü ilin bütün göstəriciləri Azercell-in özünün mövcud lider mövqeyini qoruyub saxladığını, bir çox parametrlər üzrə daha böyük irəliləyişlər əldə etdiyini sübut edir: “Hal-hazırda Azərbaycanın mobil rabitə bazarının 51,3 %-i Azercell Telekom-u seçir. Onun şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4.5 milyon nəfəri ötüb keçib. Ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarı olan Azercell ötən il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 57 milyon manat, ölkədə fəaliyyət göstərdiyi 18 il ərzində isə 1.67 milyard manat sərmayə yatırıb. 2014-cü ildə Azercell öz işçilərinin inkişafına 1.2 milyon manat, 18 il ərzində isə 14.2 milyon manat həcmində sərmayə yatırıb. Dövlət büdcəsinə təqribən 112 milyon manat, 18 il ərzində isə 1.11 milyard manat vəsait ödəyib. Dövlət büdcəsinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, 2014-cü ildə Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1,38 % təşkil edib”.
V. Mürsəliyev onu da qeyd edib ki, Azərbaycanın ən geniş və güclü şəbəkəsinə sahib olan və daima keyfiyyəti ilə seçilən Azercell Telekom son iki il ərzində öz şəbəkəsini 25% daha da gücləndirib: “2014-cü ildə şirkət 169-dan çox 2G/3G Radio Baza Stansiyası quraşdıraraq, onların sayını 4 690-a çatdırıb. Bundan əlavə lider operator 3G şəbəkəsinin tutumunu rekord səviyyədə gücləndirib. İl ərzində Azercell-də abunəçi başına Mobil İnternetdən istifadə 65% artıb. Ötən ilin yayından Azercell rouminq xidmətlərinin açılması üçün tələb olunan depoziti ləğv etdi. Sosial layihələrin həyata keçirilməsinə isə 0,3 milyon manat, 18 il ərzində təqribən 14 milyon manat həcmində vəsait sərf edib”.