“Yenimeydan.info” xəbər verir ki, “Yeni Müsavat” bu məsələlərə aydınlıq gətirmək üçün Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovla əlaqə saxlayıb. N.Əzməmmədov bildirdi ki, Cavid Qurbanov vaxtaşırı görüşlər keçirərək işçilərə tapşırıqlarını verir və hələ ki, heç kim işdən çıxarılmayıb: “Yeni sədr dəmiryol idarəsinin depolarına baş çəkib, çatışmazlıqları bildirib, tapşırıqlar verib. Stansiyaya, Biləcəri deposuna, Bakı deposuna baş çəkib. Sədr kimi onun səlahiyyətidir ki, istənilən yerə baş çəkib vəziyyətlə tanış olsun. Hələ ki, hər hansı qərar verilməyib”.Kadr dəyişikliyinə gəlincə, N.Əzməmmədov bildirdi ki, bu haqda heç bir rəsmi qərar yoxdur:“Mətbuatda müxtəlif yazılar gedir. Hər gün bir nəfərin işdən çıxarılması haqqında yazırlar. Ancaq belə bir hal yoxdur. Hər kəs əvvəlki vəzifəsində çalışır”.Qeyd edək ki, azadlıq.info saytı “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni sədri Cavid Qurbanovun nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumlarını işdən çıxarması haqqında məlumat verib. Məlumatda sərnişin nəqliyyatı idarəsinin rəisi Elyar Muradovun da işdən çıxarılacağı da qeyd olunur.Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bu məsələyə də münasibət bildirərək mətbuatda yazılanları əsassız adlandırdı: “Cavid Qurbanov Elyar Muradovla görüşüb, tapşırıqlarını verib. Əgər kimsə işdən çıxarılsa, bu, ilk növbədə bizə məlum olar. Səhər saat 10-da iclas keçirilib və Elyar Muradov da iclasda iştirak edib. Bu məlumatları yaymaqda kimin məqsədi nədir, bunu bilmirəm, ancaq heç bir əsası yoxdur”".Elyar Muradovla da əlaqə saxlayaraq xəbəri dəqiqləşdirməyə çalışdıq. E.Muradov bizə mətbuat xidməti ilə əlaqə saxlamağı məsləhət görərək, hər hansı münasibət bildirməkdən imtina etdi.Dəmiryol işçilərinin tez-tez etiraz aksiyası keçirməsinə gəlincə, mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bu məsələyə də münasibət bildirərək, etirazçıların Cavid Qurbanovla görüş üçün ərizə yazdıqlarını və əgər yeni sədr qəbul edərsə görüşüb bu məsələlərə birgə aydınlıq gətirəcəklərini qeyd etdi: “Onlar Cavid müəllimə müraciət ediblər, əgər o, qəbul eləsə görüşəcəklər. Yəqin ki, Cavid müəllim bu məsələyə biganə qalmaz”.