Bakı Dövlət Universitetinin humanitar fakültələr üzrə ingilis dili dili kafedrasının əməkdaşları Mənsurə Ağayeva və Zəhra Əhmədova Şotlandiyanın Qlazqo Universitetində TEMPUS-544293-FLEPP (Foreign Languages Education for Professional Purposes) layihəsi çərçivəsində keçirilmiş müəllimlər üçün təlim proqramında (“Teacher Training Program”) iştirak ediblər.
Universitetin mətbuat xidmətindən daxil olan xəbərə görə, təlimlərdə xarici dillərin tədrisi ilə bağlı müxtəlif metodik məsələlər müzakirə olunub, ümumi ingilis dili kursu (EGP) və xüsusi məqsədlər üçün ingilis dili kursu (ESP) arasındakı oxşar və fərqli xüsusiyyətlərə aydınlıq gətirilib, dilin tədrisinə kommunikativ yanaşma məsələsi müzakirə olunub. Qlazqo Universitetinin həm ingilis, həm də digər xarici dil dərslərini müşahidə edən BDU əməkdaşları sonra dərslərin ümumi müzakirəsini qrup halında keçiriblər.