Prezident Administrasiyasına daxil olan şikayətlərin bir çoxu şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, evlərin sökülməsi və kompensasiyaların verilməsində yaranan problemlərlə əlaqədardır. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib. Onun sözlərinə görə, əvvəlki illərə nisbətən belə şikayətlər bir qədər azalsa da, onların sayı hələ də yüksəkdir. Vətəndaşlar tikinti şirkətləri tərəfindən mənzil alan şəxslərin aldadılmasından, müqavilələrin bağlanması zamanı yol verilən qanunsuzluqlar nəticəsində sonradan dələduzluq faktları ilə üzləşdiklərindən, nə ev, nə də verdikləri pulu geri ala bilmədiklərindən, ümumiyyətlə, tikinti şirkətlərinin fəaliyyətinə zəif nəzarət edilməsindən narazılıqlarını bildirirlər. Belə müraciətlər Bakı və Sumqayıt şəhərlərinin sakinlərindən, həmçinin Abşeron rayonundan daxil olub. Vətəndaşlar “İnşaatçı-GM”, “Qolden”, “Azərtikinti ATF”, “İdeal-İnşaat”, “Şahbulaq”, “Abşeron-1”, “A.E.K”, “Xəmsə İnşaat”, “Qaraçay”, “Bios”, “Bəyaz”, “Dərəçiçək”, “Meqa-siti Holdinq”, “Elita-R”, “Gənc”, “AAF-İnşaat”, “R+R”, “Birlik inşaat”, “Ulduz”, “FOLKLOR”, “ABC”, “Fuad LTD”, “Kamran”, “Safari-N”, “Yeni Yasamal”, “Effekt İnşaat”, “Ələsgəroğlu”, “AENT-E”, “HAYAN-E”, “Klass Azko”, “Badu Kubə”, “Olimpus-AZ”, “Cənnət”, “Xəmsə” və digər tikinti şirkətlərinin fəaliyyətindən daha çox narazılıq bildirirlər
Evlərin sökülməsindən də şikayətlər var
Tikinti məsələləri ilə bağlı müraciətlər arasında vaxtilə vətəndaşların şifahi icazələr əsasında tikdikləri evlərin sökülməsindən də narazılıq ifadə edilir. 2015-ci ilin ilk günlərində ölkə Prezidentinin belə evlər kommunikasiya xətlərinin üzərinə düşmədikdə, onların qeydiyyata alınması və sənədləşdirilməsi barədə verdiyi sərəncam rəğbətlə qarşılanmışdır və həmin sərəncam bu sahədə qayda-qanun yaradılmasına xidmət edəcəkdir.