Prezident İlham Əliyev “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. Avtosfer.az xəbər verir ki, fərmanla “ASAN ödəniş” sistemi haqqında Əsasnamə” təsdiq edilib. Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb ölkə Prezidentinə təqdim etməlidir.
Habelə, Nazirlər Kabineti “ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələbləri və “ASAN ödəniş” sistemindən istifadə qaydalarını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edəcək.
Maliyyə Nazirliyi isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə, “ASAN ödəniş” sisteminin fəaliyyətinin təşkili, idarə olunması və saxlanılması xərclərinin maliyyələşdirilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) isə informasiya sistemləri və ehtiyatlarının “ASAN ödəniş” sisteminə qoşulması üçün zəruri tədbirlər görməli, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolların, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin real vaxt rejimində “ASAN ödəniş” sisteminə ötürmək məqsədilə proqram təminatının dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etməlidirlər.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin fəaliyyətinin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməli, “ASAN ödəniş” sistemi vasitəsilə bu fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanları arasında məlumat mübadiləsini və əməliyyatları təhlükəsiz və operativ şəkildə həyata keçirmək məqsədi ilə vahid inteqrasiya və mobil xidmətlər şlüzündən (m-Gov) istifadə olunmasını təmin etməlidir.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə dövlət orqanlarının “ASAN ödəniş” sisteminə qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etmək tapşırılıb.