Martın 17-də keçirilən görüşdən danışan Səməd Vəkilov “Media forum”a deyib ki, Şəfaət İmranov məsul əməkdaşlara istintaqla bağlı vacib göstərişlər verib və mərhum əsgərin atasını əmin edib ki, təqsiri müəyyən olunacaq hər bir şəxs cinayət məsuliyyətinə alınacaq.
Azərbaycan ordusunun əsgəri, 1990-cı il təvəllüdlü Rəşad Mirzəyev 15 oktyabr 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsindən həqiqi hərbi xidmətə göndərilib, 52 gün sonra kəskin ağciyər-ürək çatışmazlığından dünyasını dəyişib. İşi Tərtər Hərbi Prokurorluğu araşdırır.
Bir müddət əvvəl mərhum əsgərin atası ölkənin birinci xanımına müraciət edərək oğlunun ölümündə xidmət rəisi İlqar Əlimirzəyevi günahlandırıb, yaxın qohumu, Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi Rauf Kişiyev vasitəsilə cinayəti ört-basdır etməyə çalışdığını bildirib. Atanın sözlərinə görə, oğlu xidmətə göndərilməmişdən əvvəl tibbi müayinədən keçib, ona kəskin sinusu bradikardiya diaqnozu qoyulub. Xəstəliyinə baxmayaraq Rəşad Mirzəyev hərbi xidmətə göndərilib və 52 gün sonra əvvəlcədən qoyulmuş diaqnozla dünyasını dəyişib.