Neftin qiymətinin dövlət büdcəsinə təsiri elə ilk aydaca özünü göstərib. 2015-ci ilin yanvarında Vergilər Nazirliyinin xəttilə daxilolamalar ötən ilin yanvarına nisbətən 94.5 milyon manat və ya 12.1% azalaraq 685.9 milyon manat təşkil edib.
Bu barədə məlumatı iqtisadçı ekpert Rövşən Ağayev sosial şəbəkədə paylaşıb. O qeyd edib ki, bu azalma neft şirkətlərinin (xarici neft şirkətləri və SOCAR birlikdə) vergi ödənişlərinin 108.3 milyon manat (24.1%) azalması hesabına baş verib:”Bu ilin yanvarında neft sektoru büdcəyə 341.2 milyon manat vergi ödəyib (ötən ilin yanvarında isə 449.5 milyon manat ödəmişdi).
İlk ayın nəticələrinə görə, qeyri-neft sektorunun vergiləri isə təxminən 14 milyon manat artaraq 344.7 milyon manata çatıb. Göründüyü kimi, neft sektorundan itirilən vergilərin təxminən 15%-ni qeyri-neft sektoru kompensasiya edə bilib. Bu isə onu göstərir ki, "qeyri-neft sektorunda potensial var, neftdən itkilərin yerini dolduracaq" kimi fikirlər reallığı nəzərə almadan söylənən fikirlərdir”.