2014-cü ildə orta məktəbi "5" qiyməti ilə bitirən məzunların yalnız 42,46 faizi attestat qiymətlərini doğrulda bilib. "Qafqazinfo" trend-ə istinadən xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün “Abituriyent-12” jurnalının təqdimat mərasimində çıxış edərkən deyib.
Komissiya sədrinin sözlərinə görə, tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 97,17%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0-200 bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 42,46 faizi attestat qiymətlərini doğrulda bilib.
M.Abbaszadə hesab edir ki, bu, məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir: “Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə attestat qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçılar" öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, kim zəmanət verə bilər ki, bu cür addım subyektivliyə bir qədər də rəvac verməyəcək. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik”.
M.Abbaszadə deyib ki, 2014-cü ildə abituriyentlərin 64,7 faizi imtahandan "2", 13,6%-i "3", 15,7%-i "4", 6%-i isə "5" qiymət alıb. 2013-cü ildə bu göstəricilər uyğun olaraq 65%, 13,8%, 15,7%, 5,6% olub: “Göründüyü kimi, bu il "2" və "3" qiyməti alanların faizi nisbətən azalıb, "5" qiyməti alanların faizi artıb, "4" qiyməti alanların faizi isə dəyişməyıb. Qəbul olanların 29,9%-ni "3", 40,2%-ni "4", 15,5%-ni isə "5" qiymət alanlar təşkil edib. Ötən il bu göstəricilər uyğun olaraq 27,7%, 41,3%, 14,8% olub”.
TQDK sədri bildirib ki, bu il Daşkəsən, Ağsu, Xaçmaz, Astara, Samux, Ucar, Qusar, Ağdaş, Qobustan, Sabirabad, Zərdab, Goranboy, Lerik, Şabran, Quba, İmişli və Yardımlı rayonları, eləcə də Naxçıvan MR-inı Kəngərli, Sədərək və Babək rayonlarının cari ildəki məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.
***
APA-nın məlumatına görə, TQDK sədri bildirib ki, Azərbaycanda orta statistik məzun məktəb proqramının 51-75 faizini mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonlarımız, məktəblərimiz, eləcə də öz yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır”.