Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının xarici işlər nazirinin müavini, XİN-in Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzinin direktoru Hadi Süleymanpuru qəbul edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, H.Süleymanpur Azərbaycana səfərindən məmnun olduğunu qeyd edərək, ADA Universiteti ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzi arasında əməkdaşlığın qurulmasının vacibliyini diqqətə çatdırıb.
O, ADA Universitetinin Azərbaycan və bütün region üçün əhəmiyyətli təhsil və təlim müəssisəsi olduğunu bildirib.
E.Məmmədyarov ADA Universiteti ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzi arasında imzalanmış anlaşma memorandumunun təhsil və təlim sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını nəzərə çatdırıb.
Görüşdə tələbə mübadiləsi, birgə tədqiqatların aparılması və elmi konfransların keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.