Nazirlər baş redaktoru martın 1-də “Azadlıq” qəzetində dərc olunmuş “Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib” yazısına görə məhkəməyə veriblər. İddiada baş redaktorun Cinayət Məcəlləsinin 147-ci maddəsi (Böhtan) ilə məsuliyyətə cəlb olunmasını tələbi qoyulub. Həmin maddə üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutur.
Martın 12-də “Azadlıq” qəzeti sözügedən yazı haqda təkzib dərc edib. Martın 12-də nazirlərin vəkili Əlirza Həbilov “Media forum” saytına müsahibəsində deyib ki, təkzib “Azadlıq" qəzetinin adından dərc olunub, amma barəsində xüsusi ittiham qaydasında şikayət verilən instansiya “Azadlıq” qəzeti deyil, Qənimət Zahiddir. Vəkil bildirib ki, baş redaktor təkzibin ona məxsus olub-olmadığına aydınlıq gətirməlidir.
Martın 17-də “Yeni Müsavat”a müsahibəsində Qənimət Zahid buna cavab olaraq deyib: “Mən hesab edirəm ki, hörmətli vəkil düz buyurur. Təkzib də, üzrxahlıq da qəzetin adından deyil, şəxsən mənim adımdan yayılmalı idi. Çünki iddia mənə qarşıdır. Amma elə bir problem deyil. Əgər onlara mənim adımdan üzrxahlıq lazımdırsa, hesab etsinlər ki, bu üzrxahlıq mənə məxsusdur. Yəni yayılmış təkzibin və üzrxahlığın mənə məxsus olduğunu təsdiq edirəm”.
Vəkilin müsahibəsində barışığı istisna etməməsinə gəlincə, baş redaktor bildirib ki, kompromis təklif olunsa, bunu müzakirə etmək mümkündür.
Qənimət Zahid ona da diqqət çəkib ki, əslində sözügedən yazıda məhkəmə çəkişməsinin predmeti olan heç nə yoxdur. Amma həmin yazıya görə birdən-birə həbs ittihamının irəli sürüldüyünü deyən baş redaktor bunu “Azadlıq”a qarşı ciddi bir məkrin olması ilə əlaqələndirib və təkzibin dərc olunmasını da kimsəyə “Azadlıq”ı repressiya etmək üçün əsas vermək istəməməsi ilə izah edib.