Bu gün Bakıda Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda iki günlük IV Vergi Forumu öz işinə başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, forumun plenar iclasında Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Avropa Birliyinin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Rusiya, Türkiyə, Litva və Qazaxıstanın vergi xidməti orqanlarının, yerli bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak edirlər.
Plenar iclas Vergilər Nazirliyinin 15 illik fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayıb.
Vergilər naziri Fazil Məmmədov forum iştirakçılarına bildirib ki, hər il vergi xidməti işçilərinin peşə bayramı günü ərəfəsində keçirilən forum, bu dəfə Vergilər Nazirliyinin yaradılmasının 15-ci ildönümünə təsadüf edir. “Hazırda Vergilər Nazirliyi ölkədə vergi ödəyicilərinə 59 növ elektron xidmət göstərir. Vergi inzibatçılığının formalaşdırılması nəticəsində dövlət büdcəsinə vergilərin və digər daxilolmaların həcmi son 15 il ərzində 14 dəfəyədək, qeyri-neft-qaz sektorundan daxilolmalar 14,4 dəfə, regionlardan daxilolmalar isə 14,8 dəfə artıb”.
Tədbirdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) prezidenti Hans Blokpoelin Vergilər Nazirliyinin rəhbərliyinə və ölkəmizin vergi xidməti əməkdaşlarına video təbriki nümayiş etdirilib, Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədri Daulet Yerqojin, Litva Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin rəhbəri Dainoras Bradauskas, Rusiya Federasiyası Federal Vergi Xidmətinin rəis müavini Natalya Zavilova, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxış ediblər.