Bu günlərdə Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib. Yığıncaqda bələdiyyələrlə bağlı bir neçə qanuna əlavə və dəyişikliklər edilib. Hesabat dövründə yerli özünüidarəetmənin inkişafı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi işi davam etdirilib.
Sessiya dövründə "Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” üç qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub. Qanunun 43-cü maddəsinə əlavə edilib ki, yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. Bu qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minib. Toplantıda çıxış edən deputatlar qanunvericiliyə edilən əlavə və dəyişikliklərin yerlərdə bələdiyyələrin fəaliyyətinə müsbət təsir göstərdiyini bildiriblər.
Addımı müsbət dəyərləndirən bələdiyyə üzrə ekspert Vüqar Tofiqli "Şərq”ə açıqlamasında qeyd edib ki, dəyişikliklər və əlavələr bələdiyyə sistemində şəffaflığın artmasına xidmət göstərəcək. Lakin qəbul edilmiş yeniliklərin icra mexanizmi vaxtında hazılanmır: "Bax, problem bundadır. Buna da diqqət ayırmaq lazımdır”.
Ekspertin qənaətincə, nağdsız ödəniş bələdiyyələri iflic duruma salıb: "Günah icra mexanizmini hazırlayan strukturlardadır. Onlar prosesi ləngidir və nəticədə bələdiyyələr üçün ciddi problem yaranır. Kommunal xərclərlə bağlı ödəniş xidmətlərinə, mülk və torpaq vergisinin də ödənişini daxil etmək lazımdır. Yəni yerli vergilər də milli kommunal sistemi xidmətinə salınmalıdır. O sistemə bələdiyyə vergilərini də aid etmək olar. Yəni ödənişlər mərkəzləşdirilmiş qaydada həyata
keçirilməlidir. Proses ləngidilsə, bələdiyyələrin durumu daha da ağırlaşacaq. Çünki hazırda bələdiyyələrin əsas büdcə gəliri yerli bələdiyyə vergisi olan əmlak və torpaq vergisidir. Təklifim budur ki, əlavələrin icrası prosesi gücləndirilsin”. V.Tofiqli onu da əlavə edib ki, icra mexanizmlərinə dair proseslərin güclənməsi bələdiyyələrin inkişafına müsbət töhfə verəcək: "Xırda bir məqamın dəyişməsi bələdiyyələrin gəlirinə müsbət təsir göstərə bilər”.