Azərbaycan prezidenti İlham Əliyev “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Qeyd edək ki, dəyişikliklərə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna 9.8-ci maddə əlavə edilib. Həmin maddədə bildirilir ki, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini 5 il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.