Ayaz Orucovun oğluna protokol yazılıb; qalmaqal yaranıb.
Milli Məclisin deputatı Ayaz Orucovun oğlu sərxoş vəziyyətdə avtomobil edarə etdiyi üçün Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Avtosfer.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, hadisə bir neçə gün əvvəl Bakı şəhərində qeydə alınıb. Deputat oğlu yol polisi tərəfindən saxlanılarkən kobudluq edərək tabesizlik göstərib. Hətta, atasının deputat olduğunu deyərək yol polislərinə problem yaradacığını da bildirib. Lakin DYP əməkdaşları geri çəkilməyib və deputat oğlunun sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı sənədləşdirilib. Deputat oğluna protokol yazılıb, avtomobili isə cərimə meydançasına salınıb. Bundan xəbər tutan millət vəkili Ayaz Orucov qalmaqal yaradıb. Məlumata görə, deputat Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edərək oğluna protokol yazan yol polisi əməkdaşının cəzalandırılmasını istəyib. Lakin onun bu cəhdləri nəticəsiz qalıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov Avtosfer.az-a bildirib ki, deputatın qalmaqal yaradaraq DİN rəhbərliyinə şikayətlənməsindən məlumatsızdır: «Məndə bu barədə məlumat yoxdur. Lakin yol rolisi sürücünü sərxoş vəziyyətdə saxlayıb protkol yazıbsa, bunu qanuna əsaslanaraq edirlər».
Deputat Ayaz Orucov isə bunları deyib: «Onu yol polisindən soruşun. Mən bu barədə eşitməmişəm, görməmişəm, xəbərim yoxdur».
Qeyd edək ki, bir müddət əvvəl “Nissan Juke” markalı avtomobildə olan Aynurə Cəfərova “Yeni Müsavat” qəzetinə açıqlamasında deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun rəfiqəsi Ramilə Süleymanovanın avtomobilinə atəş açdığını bildirib. Onun atası Novruz Cəfərov da eyni iddia ilə çıxış edib. Ayaz Orucov 81 saylı Beyləqan seçki dairəsindən deputat seçilib, İqtisadi siyasət komitəsinin üzvüdür.