Rusiyadakı iqtisadi böhran, eləcə də bu ildən etibarən qüvvəyə minən əmək miqrantlarıyla bağlı yeni qanunlar şimal qonşumuzun miqrantlar üçün əvvəlki cəzbediciliyini xeyli azaldib. Artıq 10 minlərlə miqrantın Rusiyanı tərk etməyə başladığı bildirilir. Onlar arasında həmvətənlərimiz də az deyil. ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiya Federal Miqratsiya Təşkilatı keçən ilin son altı ayı ərzində 30 mini azərbaycanlı olmaqla bir milyona yaxın miqrantın ölkəni tərk etdiyini açıqlayıb. Bu ildən etibarən güvvəyə minən yeni qanuna görə isə bundan sonra Rusiyada çalışmaq istəyən hər bir əmək miqrantı ödənişli lisenziya almalı və rus dilindən də imtahan verməlidir. Bu isə onsuz da iqtisadi böhran səbəbindən çətin vəziyyətdə olan miqrantları vətənlərinə dönməyə məcbur edir.
Azərbaycan diasporu fəallarından Nizami Bəşirov isə həmvətənlərimizin kütləvi şəkildə Rusiyanı tərk edəcəklərinə inanmır. Rusiyanı tərk edən azərbaycanlıların da mart ayından etibarən geri dönməyə başlayacaqları gözlənilir.
“Bu müvəqqəti prosesdir. Patentlərin qiymətinin yüksəlməsi və dolların bahalaşması səbəbindən bəziləri buradan getməyə başladı. Ancaq buradakı azərbaycanılar Rusiya cəmiyyətinə və iqtisadiyyatına ciddi şəkildə bağlıdırlar. Onlar onsuz da yenə qayıdacaqlar. Hətta mən deyərdim ki, gedəndən daha çox bura qayıdan olacaq”, – deyə Nizami Bəşirov bildirib.
10 il sonra Rusiyada əmək qabiliyyətli əhalinin bir milyon azalacağına diqqət çəkən ekspertlər də Rusiyanın əmək miqrantlarına tələbatının yaranacağını deyirlər. Bunun üçünsə, uzaq proqnozlar verməyə ehtiyac yoxdu. Xüsusilə, Orta Asiyalı miqrantların azalması indidən Moskva küçələrində hiss edilməyə başlayıb. Küçələrdə yığılıb qalan qar və zibilin təmizlənməsinə rus qadınlar cəlb edilib.