Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihad Zeybekçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Nihad Zeybekçi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, enerji, qarşılıqlı sərmayə qoyuluşu, infrastruktur, müasir sənaye parklarının yaradılması, ticarət, kənd təsərrüfatı və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.