Ətrafımız qəribə meyvə-tərəvəzlə doludur. Aylarla haradasa yaddan çıxıb qalmış almanın, soyuducunun künc-bucağında saxladığımız pomidor-xiyarın, Afrika bananının elə bil zay olmaq ehtimalı yoxdur. Nə qaralır, nə zay olur, heç həşərat da yaxın durmur. Yarım əsr öncə belə hal möcüzə kimi görünərdi, bu ilin məhsulu o biri ilin sonuna kimi istifadə olunmalıydı. Meyvəni samana, tərəvəzi isə quma basdırardılar. Daha ehtiyac yoxdur, çünki meyvə-tərəvəzin geni dəyişdirilib. Bunlara Geni Dəyişdirilmiş Orqanizmlər (GDO) deyirlər.
Qida məhsullarına nəzarət edirsinizsə, əhalinin sayına nəzarət edirsiniz
Mətbuatda Geni Modifikasiya olunmuş Orqanizmlər (GMO), geni modifikasiya olunmuş məhsullar, geni dəyişdirilmiş məhsullar ifadələri də işlənir. Dünyada GDO-dan yazmayan media, parlamentində müzakirəsi getməyən ölkə tapmaq çətindir. “Geni Dəyişdirilmiş Orqanizmlər haradan peyda oldu, cəmi 30 ilə hər yeri necə zəbt etdi?” sualının cavabını Qərbdə, daha doğrusu ABŞ-ın kənd təsərrüfatında baş verən dəyişikliklərdə axtarmaq lazımdır. GDO dünyaya məhz Amerikadan yayılıb. Cəmi 50 il öncə ABŞ-da istehsal olunan qida məhsulları fermer zəhməti hesabına başa gəlirdi. Əsrlərlə öz torpaqlarında ailə biznesi quran bu insanlar nəinki Amerikanı, həm də bir çox ölkəni məhsulla təmin edirdilər. Nəhəng korporasiyaların bu sahəyə müdaxiləsi ABŞ-da ailəvi fermer təsərrüfatlarını məhv etdi. Əraziləri zəbt edən şirkətlər prinsipcə başqa tip təsərrüfat qurdular, insan əməyinə ehtiyac qalmadı, proses avtomatlaşdırıldı, məhsulun keyfiyyəti miqdara və kütləvi istehsala qurban verildi.
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissencerin söylədiyi bir fikir baş verən prosesin mahiyyətini tam əhatə edir: “Neftə nəzarət edirsinizsə, dövlətlərə nəzarət etmiş olursunuz. Qida məhsullarına nəzarət edirsinizsə, əhalinin sayına nəzarət edirsiniz”.
GDO mövzusu birbaşa Amerikanın ən qüdrətli, varlı ailələrindən biri - Rokfeller sülaləsinə bağlıdır. 4 qardaş - Devid, Nelson, Lorans və 3-cü Con D. Rokfellerlər, həmçinin ABŞ hakimiyyətində təmsil olunan Con Kennan, Henri Luis, Averal Xarriman yeni transmilli aqrobiznes konsepsiyasını yaradıcıları sayıla bilərlər.
Dünyaya ağalıq etmək məqsədini qarşıya qoyan Rokfeller ailəsi bir çox tədqiqata maliyyə ayırıb. Əvvəlcə faşist Almaniyasında yevgenika, 2-ci Cahan Müharibəsindən sonra genetika adlandırılan elmi istiqamətə, sonra isə GDO-nun yaradılmasına bu varlı ailə çox böyük vəsait ayırır.
1970-ci illərdən aparılan tədqiqatlar prezident Ronald Reyqanın idarəçiliyi dövründə daha da intensivləşir. Reyqan administrasiyası biotexnologiyaların tətbiqinə və inkişafına “yaşıl işıq” verir. GDO tədqiqatlarını əsasən ABŞ-ın aqrobiznes nəhəngi “Monsanto” aparırdı. Şirkət gen mühəndisliyi sahəsində həmişə aparıcı qüvvələrdən biri olub, vaxtilə ABŞ-ın Vyetnama hərbi müdaxiləsi zamanı “Orancj agenti” zəhərli herbisidini dövlət sifarişi ilə istehsal edib. ABŞ hərbçiləri bu zərərli preparatdan Vyetnamın meşələrini məhv etmək üçün istifadə ediblər.
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, Reyqan administrasiyasında vitse-prezident postunu tutan ata Corc Buş 1986-cı ildə “Monsanto”nun rəhbərliyi ilə görüş keçirir. Bu görüşdə geni dəyişdirilmiş orqanizmlərin daha geniş yayılması planı hazırlanır. Artıq 1988-ci ildə prezident kürsüsünə əyləşən Buş “Monsanto”, “Kargil”, “Düpon” kimi şirkətlərə GDO planını reallaşdırmaq üçün bütün imkanlar yaradır.
GDO nədir?
GDO-nun alınması yad genin başqa bitki və ya heyvanın geninə birləşdirilməsinə bağlıdır. Burada məqsəd sonuncunun xüsusiyyətlərinin dəyişməsinə yönəlib, məsələn, şaxtaya davamlı bitkinin, həşəratın alınması ola bilər. Belə modifikasiya nəticəsində yeni genin süni olaraq genoma, yəni orqanizm və gələcək nəsillərin quruşunu təmin edən aparata yeridilməsi baş verir.
Əslində alimlər yad genin başqa orqanizmdə hara yönələcəyini bilmirdilər, bu işdə onlara Agrobacterium tumefaciens bakteriyası yardımçı oldu. Torpaqda bitki mənşəli xərçəng şişləri yaradan bu bakteriyanın köməyi ilə yad genləri bitki və heyvanların genomuna yeritmək mümkün oldu. Hər bir yad element genə daxil olarsa, hüceyrə onu məhv etməlidir. Amma belə olmadı, bu yad gen hüceyrə daxilində özünə bənzər formalar yaradaraq öz həyatını yaşayır, hüceyrənin daxili imkanlarından yararlanır, artır.
GDO-nun təhlükəsi təkcə genin yeridilməsi yox, həm də hansı genin yeridilməsindədir. Bu prosesdə genlər mutasiyaya məruz qala, yeridildiyi orqanizmə ziyanlı təsir edə bilərlər. Yeni genlər zəhərli zülalları əmələ gətirir, bununla da insan və heyvanda toksikoz və allergiya halları yaranır. GDO bir müddət sonra sahələrə verilən toksin kimyəvi maddələrə uyğunlaşır, sonra insan orqanizminə ciddi ziyan verir.
İlkin mərhələdə sadə məqsədlər güdülürdü, məhsuldarlığı artırmaq, sahələrə verilən kimyəvi maddələrin çəkisini azaltmaq. Yəni əgər adi halda kartofun yetişdirilməsi üçün mütləq ziyanvericilərə qarşı kimyəvi preparatlardan yararlanmaq lazım gəlirdisə, yeni GDO kartofuna ziyanverici yaxın durmurdu. Məhsuldarlıq da artırdı.
GDO dünyaya necə yayıldı?
ABŞ korporasiyaları GDO təcrübələrini qısa zamanda keçirib, bitkiləri bazara çıxarmağa çox tələsirdilər. Bəlkə də sınaq müddəti uzun olmalıydı. Sadəcə ata Buşun dəstəyi prosesləri sürətləndirdi.
Dəyişikləyə soya, qarğıdalı, kartof, çuğundur, düyü kimi bitkilər məruz qaldı. Amerikada ümumiyyətlə satılan malların üstündə GDO-nun istifadə edildiyi haqda məlumat belə yerləşdirmək lazım deyil. Bəzi məlumatlarda bu ölkədə 70 faiz satılan məhsulların GDO tərkibli olduğu bildirilir. Bəzi alimlərin fikrincə, ABŞ-ın dünyada əhalinin piylənmə və allergiya üzrə birinci yerdə olması elə bu məhsulların gen-bol istifadəsinə bağlıdır.
“Monsanto” bazarı ələ aldıqca, ətraf ölkələrə - Argentina, Meksika, Braziliyaya öz məhsullarını yaymağa başladı. Bir çox yerli sortlar sıradan çıxdı, çünki GDO özündən toxum vermir, sonsuzdur. Bir yerə GDO qarğıdalı əkilibsə, deməli qonşu sahələrdə yetişdirilən qarğıdalı ilə tozlanıb o sortu aradan çıxardacaq. Hətta bunlara terminator texnologiyası deyirlər. Harda oldu, o yerin bitkisini məhv edəcək. Adətən fermer məhsulun bir hissəsini toxumluq üçün gələn ilə saxlayır. GDO bitkilərdə belə söhbət yoxdur, bir dəfə əkə bilərsən, aldığın məhsuldan əksən, bir nəticə olmayacaq. Yaradılanda belə düşünülüb. Hər il toxumu onu yaradan şirkətdən almalısan. Qidaya nəzarət elə bu deməkdir. Yerli sortlar ortadan çıxıb, məcbursan hər il toxumu istehsalçıdan alasan. Hər hansı milləti acından qırmağın ən doğru yoludur.
Əvvəlcə istehsalçılar toxumu su qiymətinə, havayı verirdilər. Argentinada bu proses çox fermerlərin muflisləşməsi ilə nəticələndi. Nə vaxtsa Latın Amerikasının ən məhsuldar ölkəsində yalnız eyni tipli bitkilər yetişdirilir, əsasən də soya.
GDO məhsullara ciddi müqaviməti Avropa Birliyi göstərdi. Avstriya, İsveçrə, Macarıstan, Polşa, Fransa, Almaniya kimi ölkələrin qanunvericiliyi GDO-nu bu və ya digər formada qadağan edir. Amerika qitəsində cəmi bir ölkə Venesuela GDO məhsulları qadağan edib.
Alimlər nə deyir?
Elə ilk müstəqil sınaqlar GDO-nun fəsadlarını ortaya qoydu. Britaniya alimi Arpad Puştai GDO-nun ilk qurbanı oldu. Alim ilk dəfə GDO kartof ilə qidalanan heyvanlarda neqativ halların olduğun bildirdi. Amerikalı tədqiqatçı Vilyam Enqdal ingilis aliminin başına gələnlərdən belə yazır: “1998-ci ildə Puştai televiziya ekranından öz tədqiqatlarının nəticəsini elan etdi. Sonrakı 48 saatda onun çoxlu problemi yarandı. “Monsanto” şirkəti Bill Klintonla, o da öz növbəsində Toni Blerlə “Puştai problemindən” danışdı. Baş nazir də Puştainin çalışdığı “Rouett” İnstitununun rəhbəri Filip Ceymsə təzyiq etdi. Nəticədə Puştai işdən qovuldu, ona tədqiqatlarını dərc etmək, həmkarları ilə əlaqəyə girmək qadağa edildi. Bu o deməkdir ki, hər hansı şəxsi korporasiya bir telefon zəngi ilə ABŞ və Böyük Britaniya rəhbərlərini işə qoşmaqla dünyanın ən müstəqil görkəmli alimini işsiz qoya bilər. Bu müstəqil elmin gələcəyini şübhə altına aldı, GDO məhsulların dünyada yayılmasına şərait yaratdı. Puştai sonrakı 5 ildə bir neçə dəfə ürəklə bağlı problem yaşadı, bütün vəsaitini də itirdi”.
ABŞ alimləri İqnasio Çapela və Devid Kvistin GDO bitki tozlarının başqa bitkilərə çirkləndirməsi haqda yazı dərc etməsi onlara çalışdıqları universitetdə ciddi problemlər doğurub. 1 neçə il sonra dünyanın 44 ölkəsində 142 genetik çirklənmə halı müşahidə olunub.
GDO soya ilə qidalanan siçanlarda patologiyanı aşkarlayan İtaliya alimlərini qrantdan məhrum ediblər. GDO-nun fəsadlarını hər bir zaman açıqlayan rusiyalı elmlər doktoru İrina Yermakova özünə qarşı təzyiqlərin olduğunu bildirir.
Kanada fermeri Persi Şmayzer “Monsanto” ilə mübarizə apadığına görə Alternativ Nobel mükafatının laureatı olub. Şmayzer “Monsanto”ya məhkəmədə qalib gəlmiş yeganə insandır. Amerikalı fermerlərin sahələrində GDO bitkilər aşkarlayan şirkət onlardan pul tələb edirdi. Belə cəriməni Şmayzer də ödəməli idi, lakin cəsur fermer “Monsanto”nu sahəsini GDO ilə çirkləndirdiyinə görə məhkəməyə verdi. Uzun illərin məhkəmə çəkişməsi nəticə verdi: fermer ona vurulan ziyana görə pul kompensasiyası ala bildi.