Bakıda qəribə olay baş verib. Yanvarın 30-da axşam saatlarında Avtosfer.az-ın əməkdaşı Heydər Əliyev prospektində qəribə mənzərə ilə rastlaşıb. Sabunçu körpüsünün yaxınlığında sürət tablosundakı sol lövhədə sürət həddi 140 km/saat göstərilir. Bunu görən sürücülər çaşqınlıq keçiriblər. Çünki körpünü keçəndən təxminən 300 metr sonrakı tabloda sürət 120 km/saat göstərilir.
Həmin ərazidə yolun əks tərəfindəki tablolar isə işləmir.
Maraqlıdır ki, aeroport istiqamətində hərəkət edərkən Sabunçu körpüsü yaxınlığındakı tabloda soldakı lövhədə 140, ondan sağdakında isə 120 km/saat göstərilir. Lap sağdakı lövhələrdə 100 və 80 km/saat sürət tətbiq olunur. 140 km/saat sürət göstərilən tablo bu fotodakı tablodan geridəkindədir. Həmin ərazidə sürət həddi yüksək olduğu üçün dayanıb foto çəkmək mümkün olmayıb. Lakin əməkdaşımız saat 20:00-da həmin ərazidən keçib və 00:26-da geri qayıdarkən eyni mənzərənin şahidi olub.
Ola bilsin ki, bu mənzərə texniki nasazlıq ucbatından yaranıb. Lakin hər gün Bakının bütün nəqliyyat sisteminə nəzarət etdiyini deyən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nədənsə bu biabırçılığı görmür. Ola bilsin ki, NİİM-in gecə növbəsi şirin yuxuya dalıb. Lakin nəzərə almaq lazımdır ki, bu cür səhvə görə sürücü məsuliyyət daşımır. Sabah hansısa sürücü məhz bu tablodakı yalnışlığa görə radara düşərsə, əlbəttə, burada məsuliyyət NİİM-in üzərinə düşür. Bundan əlavə, bu gün Azərbaycan qanunvericiliyində 110 km/saatdan artıq sürət rejimi tətbiq oluna bilməz. Nəqliyyat Nazirliyi isə artıq bir neçə ildir ki, qanunu bir kənara qoyaraq 120 km/saat sürət rejimi tətbiq edir. Doğrudur, elə yollarımız var ki, orada 120-140 km/saat sürətlə hərəkət etmək olar. Amma bunu qanuna uyğunlaşdırmaq lazımdır. Bu gün 140 km/saat sürət rejiminin tətbiqi isə ya zarafatdır, ya texniki səhvdir, ya da özbaşınalığın göstəricisidir.
***
Bu gün artıq məsələ həll olunub və sürət həddi 120-yə endirilib.