Yəqin ki, sürücülərimiz heç kəsin icbari sığortadan yayına bilməməsi üçün bir-birinin ardınca atılan addımlardan xəbərdardırlar. Bu istiqamətdə ilk sərt addım artıq atılıb: 20 iyun 2014-cü il tarixdə icbari sığortanın olmamasına görə sürücülərə tətbiq olunan cərimə 10 manatdan 50 manata qaldırılıb. Avtosfer.az-ın məlumatına görə, ikinci addım icbari sığorta ilə bağlı elektron məlumat bazasının Dövlət Yol Polisinin (DYP) informasiya sistemi ilə inteqrasiyasıdır. Bu inteqrasiyadan sonra istənilən DYP postunda və ya patrul maşınında olan DYP əməkdaşı yolda hərəkət edən maşının icbari sığortasının olub-olmadığını biləcək. Bu texniki məsələ artıq tam həll olunmaq üzrədir.
Üçüncü addım isə daha maraqlı olacaq: icbari sığortası olmayan sürücünün avtomobili hərəkətdən kənarlaşdırırlaraq cərimə meydançasına qoyulacaq. Yalnız icbari sığota bağalandıqdan və 50 manatlıq cərimə ödəndikdən sonra avtomobil sahibinə qaytarılacaq. Bunun üçün qanunvericiliyə dəyişiklik edilməsi çox yaxın gələcəyin işidir. Əldə etdiyimiz məlumata görə, bununla bağlı artıq layihə də hazırdır. Odur ki, icbari sığorta məsələsinə diqqəti artırın.