Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Analitik.az-ın məlumatına görə, dövlət başçısı Ə. Tayebnianın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu və gələcək əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb. İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini məmnunluqla xatırlayan dövlət başçısı səfər çərçivəsində hər iki ölkənin iş adamlarının iştirakı ilə keçirilən biznes forumun əhəmiyyətini qeyd edib və forumda səslənən fikirləri iqtisadi sahədə əməkdaşlıq üçün mövcud olan qarşılıqlı marağın ifadəsi kimi dəyərləndirib.
Ə. Tayebnia H. Ruhaninin salamlarını Azərbaycan prezidentinə çatdırıb. O, Azərbaycan və İran prezidentlərinin səyləri sayəsində ikitərəfli münasibətlərimizin inkişafının yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. İranlı nazir azərbaycanlı həmkarları ilə birlikdə ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəklərini deyib. İ. Əliyev H. Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.