Bakıda gecə saat 11-dən sonra mənzil başına çatmaq müşkül məsələyə çevrilib. Bu baxımdan paytaxtda gecə marşurutlarına ehtiyac var.
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov AzVision.az-a açıqlamasında bildirib ki, Bakıda avtobusların 24 saat işləməsi məsələsi nəzərdə tutulmayıb.
Onun sözlərinə görə, bu hal yalnız Bakıda keçiriləcək I Avropa Oyunları zamanı xüsusi avtobuslara tətbiq olunacaq:
“Avropa Oyunları ərəfəsində xüsusi avtobuslar olacaq və onlar qrafik əsasında işləyəcək. Bu avttobuslar təlimat əsasında 24 saat işləyəcəklər”.
Gələcəkdə avtobusların 24 saat işləməsi məsələsinə gəlincə, şöbə rəisi bildirib ki, bu məsələ gündəmdə deyil.
Qeyd edək ki, bir çox Avropa ölkəsində insanların rahatlığı nəzərə alınaraq avtobuslar 24 saat fəaliyyət göstərir.