R.Usubov hazırda ölkədə neçə avtomobilin qyediyyatdan keçdiyini də açıqlayıb: “Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 62.863 ədəd artaraq 1.308.540 olub və bu artımın fonunda yol-nəqliyyat hadisələrinin, ölən və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. 2013-cü illə müqayisədə hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə olan inzibati hüquqpozmaların aşkarlanması 65 faiz çox olmaqla 2.355.222 xəta təşkil edib. O cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 59,3 faiz çox və ya 16.606, sürət həddinin aşılması ilə əlaqədar 2,4 dəfə çox və ya 720.303, ötmə və manevr qaydalarının pozulması ilə bağlı 2,7 dəfə çox və ya 233.968, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 16 faiz çox və ya 5.480 inzibati xəta müəyyən olunub. Şüşələrinə pərdə və plyonka çəkilmiş 7.901 avtomobil, avtoxuliqanlığa görə 580 nəfər aşkarlanaraq qanunauyğun tədbirlər görülüb. 2,3 milyondan çox müvafiq xətanın 39,6 faizi isə (933.576-si) foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkarlanıb.
Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2013-cü illə müqayisədə 68,3 faiz çox və ya 2.444.042 protokol tərtib olunub, nəticədə 2.336.488 nəfər cərimələnib, 4312 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 40.069 şəxsə xəbərdarlıq edilib”.
***
Ramil Usubov həmçinin narkotraffikə qarşı mübarizə haqda hesabat verib. O bildirib ki, 2014-cü ildə transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər məqsədyönlü olub: “Narkotiklərlə əlaqədar 3046 cinayət, o cümlədən satışı ilə bağlı 801 fakt aşkarlanıb, 150 nəfərdən ibarət 58 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 2013-cü illə müqayisədə 9 faiz çox, bütövlükdə, 673 kq narkotik vasitə çıxarılıb, həmçinin 16 faiz çox narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Qanunsuz kultivasiya edilən 212 tondan artıq çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlərlə 21 faiz çox və ya 97 cinayət faktı müəyyənləşdirilərək 19 nəfərdən ibarət 9 cinayətkar qrup zərərsizləşdirilib.
Vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi üzrə fəaliyyət çərçivəsində 559 min nəfər yeni nəsil ümumvətəndaş pasportu, 1.165.565 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Analoji iş əməkdaşlarımız tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) xidmət mərkəzlərində də məqsədyönlü surətdə davam etdirilib”.