"Snayperlərin qoşunların təmas xəttindən çəkilməsi ideyası yalnız erməni düşüncəsinin icad etdiyi çürük bir məhsuludur. Təəssüflər olsun ki, bu ideyaya uyan beynəlxalq təşkilatlar və qurumlar da var.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib.
"Sual olunur: “Nə üçün məhz snayperlər təmas xəttindən çəkilməlidir?” Bəs digər hərbi elementlər – hərbi texnikalar, minaatanlar, qumbaraatanlar və sair.
Fərz edək ki, belə bir anlaşma olarsa onun icrasına necə nəzarət ediləcək? Kim zəmanət verə bilər ki, uşaqları, qadınları, ahılları, heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektləri atəşə tutan, daim xain xisləti ilə seçilən erməni tərəfi bu dəfə razılaşmanı yerinə yetirəcəkdir?
Yeganə çıxış yolu beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən birdəfəlik və qeyd-şərtsiz çıxarılmasıdır".
Nazirlikdən bildirilir ki, Serj Sarkisyanın ardınca Seyran Ohanyanın cəbhədəki vəziyyətlə bağlı son ritorikası da boş danışıqdır və qeyri-ciddidir: "Ümumilikdə isə S.Ohanyanın Azərbaycana qarşı hədə-qorxu, təhdid dolu növbəti populist çıxışını erməni xalqının fikrini ölkədəki, ordusundakı ağır vəziyyətdən çəkindirmək məqsədilə atılan addım kimi dəyərləndirilir.
Düşmən anlamalıdır ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyü istiqamətində beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin tələblərinin icrası məqsədilə işğal olunmuş ərazilərdən Ermənistanın silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasıdır.
Əks halda işğalçı qüvvələr daha çox itkilərə məruz qalacaq və bütün bunlara, həmçinin törədəcəkləri növbəti təxribatlara görə də birbaşa Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıyacaq".