Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) Azərbaycan prezidenti İlham Əliyevin fərmanı əsasında evlərin səndləşdirilməsinə aydınlıq gətirib. Qeyd edək ki, prezident İlham Əliyev 2015-ci il yanvarın 13-də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzalayıb. Fins.az-ın Modern.az-a istinadən məlumatına görə, ƏMDK-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov bildirib ki, vətəndaşların onsuz da sənədləri var, sadəcə, əvvəlki qanunda bunlar öz əksini tapmayıb: “Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı 2004-cü ildə qəbul edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna əsasən həyata keçirilir. Bu qanunun 8-ci maddəsinə görə daşınmaz əmlakın reyestr qeydiyyatının aparılması haqqında əsaslar qəbul olunub. Bu əsaslarla da daşınmaz əmlakın qeydiyyatı üçün əsas hesab edilən sənədlərin siyahısı təsdiq edilib.
Prezidentin vaxtında və əhəmiyyətli olan sonuncu fərmanı bu sənədlərin siyahısının daha da genişləndirilməsinə gətirib çıxardı. Burda söhbət qanunsuz və sənədsiz evlərdən getmir. Söhbət 2004-cü ildə qəbul olunan “Reyestr haqqında” qanunda əksini tapmayan sənədlərin siyahıya salınmasından gedir. Bu fərmanla həm qeydiyyat orqanlarının, həm də vətəndaşların işi asanlaşdı.
Sovetlər dövründə verilən sənədlər “Reyestr haqqında” qanunda öz əksini tapmamışdı. Bu evlərin onsuz da sənədi olub. Sadəcə, qanunla əsaslı hesab edilməyib. Biz həmin vətəndaşları qeydə almaqda çətinlik çəkirdik. Amma bu fərmanla indi qeydiyyat prosesi yüngülləşdiyindən qanuna edilən dəyişiklik əsasında da işlər davam etdiriləcək”.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən isə bildirilib ki, prezidentin adı çəkilən fərmanı heç bir sənədi olmayan icazəsiz evlərə şamil olunmur.