Dünyanın ən populyar mobil messencer proqramı olan – “WhatsApp”-dan stolüstü kompüterlər vasitəsilə də istifadə etmək olacaq. Fins.az "Vesti.ru" saytına istinadən xəbər verir ki, hal-hazırda bu funksiyadan PC və ya Mac kompüterlərində Chrome brauzeri olan Android, Windows Phone və Nokia S60 platformalı istifadəçiləri yararlana bilər. iPhone istifadəçiləri üçün yeniliyin tətbiqində gecikmələrə səbəb kimi iOS platformasının daha qapalı olması göstərilir. İstehsalçılar tətbiqin kompüter versiyasının iPhone istifadəçiləri üçün də gələcəyinə söz verirlər, lakin konkret tarix barədə heç nə deyilmir.
Kompüterdə “WhatsApp”dan istifadə etmək üçün web.whatsapp.com saytına daxil olmaq, sonra telefonda quraşdırılan “WhatsApp” tətbiqinin “Menyu – WhatsApp Web” səhifəsinə daxil olmaq lazımdır. Chrome brauzerindəki müvafiq QR kodu smartfon vasitəsilə skan etdikdən sonra istifadəçi kompüterdə “Whatsapp”-dan yararlana biləcək. Kompüter vasitəsilə “WhatsApp”a daxil olmaq üçün mobil versiyanın ən son yenilənməsini yükləmək lazımdır.
Chrome-tətbiqində istifadəçinin bütün əlaqə və söhbətləri yer alıb. Kompüter versiyasında mobil versiyanın bütün imkanlarından yararlanmaq mümkündür. Sadəcə profil və statusun redaktəsi hələlik mümkün deyil.
Xatırladaq ki, “WhatsApp”-ın əsas rəqibləri olan ICQ, Skype, Viber, Facebook Messenger, Hangouts, və Telegram proqramlarının ya veb versiyaları, ya da ən azından desktop istifadəçi-tətbiqləri var.