“Qafqazinfo” xəbər verir ki, bu sözləri virtualaz.org saytına Neftçaladakı “Balıq bazarı”nın sahibi Zakir Fərzəliyev deyib.
Bir müddətdir ki, rayonun icra başçısı İsmayıl Vəliyev rayonda bazar tikdirib və Zakir Fərzəliyevin qardaşına məxsus “Balıq bazarı”nda balıq satanları müxtəlif yollarla öz himayəsindəki bazara köçürdür.
Zakir Fərzəliyev deyir ki, “Balıq bazarı”na bu günədək bir neçə dəfə polis qüvvəsi gəlib və qarşıdurma yaranıb. Balıqçıların bir hissəsi qarşıdurmadan sonra bazarı tərk edərək başçının təzə açdığı bazara getməli olublar. Getməyənlər isə yerli baytarlıq idarəsi tərəfindən məhkəməyə verilib: “20 yanvara 3 gün qalmış prosesi dayandırdılar. Dünəndən yenə fəaliyyətə keçdilər. Hərənin evinə bir məhkəmə bildirişi göndərdilər”.
Neftçalada “Balıq bazarı” kimi tanınan və “Vüsal” MMC-nin nəzdindəki ticarət mərkəzində çalışanlar bazardan çıxarılmalarına etiraz olaraq yanvarın 12-i və 13-də aksiyası keçirmişdi.
Aksiyaçıların sözlərinə görə, etiraza səbəb onların zorla digər ticarət mərkəzinə köçmələrinə məcbur edilmələridir.
Etirazçılar deyirdi ki, bir il öncə rayonun icra başçısı özünə böyük ticarət mərkəzi tikdirib. Şəhərdən kənarda yerləşdiyindən, həm də baha qiymətə təklif olunduğundan ticarətçilər bu mərkəzin dükanlarını və vitrinlərini icarə götürməyə maraq göstərməyiblər. Etirazçı tacirlərin sözlərinə görə, onları bu dükanları icarəyə götürməyə məcbur etmək üçün indiyə kimi müxtəlif vasitələrdən istifadə olunub. Onların bildirdiyinə görə, bunlardan biri də biri də polis vasitəsi ilə təzyiq göstərməkdir. Tacirlər deyirdi ki, bütün təzyiqlərə baxcmayaraq işlərinə davam edəcəklər.
Bazarın rəhbəri Zakir Fərzəliyev deyir ki, aksiylardan sonra bazara baytarlıq idarəsinin işçilərini göndəriblər. Onun sözlərinə idarə əməkdaşları bazarda çalışan ticarətçiləri kütləvi şəkildə cərimələməyə başlayıb: “Bizim bazarda satılan balıqlar hamısı müayinə olunmuş balıqlardır. Yəni topdansatış yerlərində yoxlanıldıqdan sonra bizimkilər gedib alıb gətirir. Həmin yerdən icra başçısına məxsus ticarət mərkəzində çalışan ticarətçilər də balıq alır. İndi bizim bazarda balıq satanları yararsız məhsul satdıqlarına görə sifarişlə kütləvi cərimə edirlər, ancaq digər ticarət mərkəzindəkiləri yox. Necə olur ki, eyni yerdən alınan balıq onlarda keyfiyyətli, bizdə keyfiyyətsiz olur? Qanunla cərimənin ödənməsi üçün ən az bir ay vaxt tanınır. Üstündən bir həftə keçməmiş məhkəməyə veriblər ki, cərimə ödənməlidir. Yanvarın 22-də hamıya zəng vurub məhkəməyə çağırıblar. Bu artıq təzyiqin yeni növüdür. Görürlər ki, çıxmaq istəmirlər, axıra kimi gedib təslim etmək istəyirlər”.
Neftçala Rayon Baytarlıq İdarəsinin rəhbəri Mələk Hüseynova “Azadlıq” radiosuna müsahibəsində bazarda çalışan bir neçə satıcının cərimələndiyini təsdiqlədi. Lakin o, bunu sifarişlə yox, qanunun tələblərinə uyğun etdiklərini bildidirir: “Laboratoriya əvvəl “Balıq bazarı” kimi tanınan ticarət mərkəzində idi. İndi isə köçürülüb yeni ticarət mərkəzinə. Bu mərkəz kimindir, bizi maraqlandırmır. Əsas odur ki, burada bizə çox gözəl şərait yaradılıb. Böyük laboratoriyası var. Ancaq köhnə bazarda bu şərait yox idi. Deyirik ki, hamı gəlsin, məhsulları burada müayinədən keçirsin. Onlar da yolun uzaqlığını bəhanə edib, gəlmək istəmirlər. 7-8 nəfəri cərimələmişik. Cəriməni ödəmədiklərindən məhkəməyə müraciət etmişik”.
Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Dilavər Quliyev “Azadlıq” radiosuna müsahibəsində ticarətçilərin səsləndirdiyi iddiaları cəfəngiyyat sayıb: “Bunların hamıs uydurmadır. İcra başçısının heç yerdə ticarət mərkəzi yoxdur. Rayonda hər kəs qanun çərçivəsində ticarətlə məşğul ola bilər. Polislər də bu cür məsələlərə müdaxilə etmirlər”.