Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yazıçı Anarla bağlı şok iddialar- “Bir ev 4 nəfərə verilir”

Yazıçı Anarla bağlı şok iddialar- “Bir ev 4 nəfərə verilir”
Oxucular onu maraqlı köşələri, “Mən necə Polad Alemdar oldum”, romanı və bir də... faciəvi ailə hekayəsi ilə tanıyırlar. Gənc yazar, mərhum Eyvaz Əlləzoğlunun oğlu - Ayxan Ayvaz bu günlərdə əsgərlik xidmətini başa vurub və paytaxta qayıdıb. Amma onu narahat edən məqam əsgərlikdə ikən Azərbaycan Yazıçılar Birliyinin sədri Anara yazdığı, özünün dediyinə görə məcburən yazdığı üzrxahlıq məktubu ilə bağlıdır.


“Yeni Müsavat”a müraciət edən gənc Ayxan bu hekayənin detallarından danışıb: 



- Əslində məsələ belə oldu: Mən hərbi xidmətdə idim. Vətəni qoruyurdum. Qardaşım zəng etdi ki, vəziyyət çox qarışıqdır. Mən daha öncə Anar müəllim haqda onun xoşuna gəlməyən ifadələr işlətmişdim və Yazıçılar Birliyindən istefa vermişdim. İstefama səbəb isə Şərif Ağayarın birlikdən qovulması idi. Mən də buna etiraz əlaməti olaraq ordan istefa vermişdim. Qardaşım dedi ki, üzr istəmək lazımdır, yoxsa ev məsələsi alınmayacaq. 



- Söhbət hansı evdən gedir? Yazıçılar Birliyinin evsiz yazarlar üçün ayırdığı mənzillərdən? 



- Bəli, orda məsələ bilirsiz necədir? Bir ev 4 nəfərə verilir, satışdan gələn pay 4 nəfər arasında bölünür. Mən də fikirləşdim ki, hərbi xidmətdəyəm, mətbuata çıxa bilmirəm. Anarı komandirlər Azərbaycanın generalı hesab edirlər. Mən həmin məqamda mətbuatda onun haqqında çıxış edə bilməzdim. Məcburən ərizə yazdırdılar. 



- Konkret kim yazdırdı sizə o ərizəni? 



- Konkret kimin təşəbbüsü idi, deyə bilmərəm, amma bunu icra edən şəxs Anarın müşaviri idi – Rauf Aslanov. 



- Yəni, bu adamlar üzrxahlıq yazmağı ailə üzvlərinizə dedilər, ailə üzvləriniz də sizə... Düz tutdum? 



- Bəli, elə oldu. 



- Yəni, batalyon komandiri və ya qeyrisi başınızın üstündə dayanıb bu ərizəni yazdırmadı... 



- Xeyr. Onların bu məsələdən xəbəri yox idi. Sadəcə bunu mənə ailədən dedilər, mənim də əlim-qolum bağlı, başqa çarə yox idi. Yaxın dostlarımdan birinə zəng vurub xahiş etdim ki, belə bir ərizə yazsın. Burda gizlətməli nə var ki? Dostum Mövlud yazdı ərizəni. O da sağ olsun, barıtını çox elədi (gülür). Pafoslu, bir az da sanki Anar müəllimin qabağında günahkarammış kimi oldu ərizə. Mən bu ərizəni hərbi xidmətdən qayıdanda, məzuniyyətə gələndə oxudum. 



- Bu hadisə nə zaman baş verib? 



- 2014-cü ilin yayında. 





- Anarın müşaviri olduğunu dediyiniz Rauf bəy bunu ailə üzvlərinizə hansı formada demişdi? 



- Təzyiq kimi demişdi. 



- Birbaşa özü?



- Yox, Anarın katibəsi vasitəsilə. Arzu xanımdır adı. Təzyiq edilmişdi ki, əgər Ayxan üzr istəməsə, ev növbəsində xeyli adam var, bu ev sizə yox, həmin şəxslərə düşəcək. Məni düzgün başa düşün, mülki həyatda olsam, tamam başqa variantlar ola bilərdi. Bundan başqa, axı mən tək deyiləm, qardaşım və bacım var. Tək olsam, imtina edərdim. Qardaş və bacımın haqqı var deyə o üzrxahlıq məktubuna razı oldum. Rəhmətlik atam Eyvaz Əlləzoğlu  o vaxt ev bölgüsünə yazılmışdı. Sonra bir xeyli müddət  bunun üstü açılmadı. Hər zaman da bunu dərd edirdi. Mən də həmişə düşünürdüm ki, bu, atamın haqqıdır, payıdır. Amma Rauf müəllim müsahibəsində deyir ki, bu, gənc yazara ayrıca verilmiş bir evdir. Guya heç atamın söhbəti olmayıb burda. Mənə də maraqlıdır ki, birlikdə məndən başqa da gənclər var, nə üçün mənə? Demək ki, bu, mənə yox, atama verilib. Mən fikirləşirəm ki, bu, Rauf müəllimin bir oyunudur. Yəni ki, mən buna inanım. 



- Siz 3 uşaq harda yaşayırsız? 



- Biz yataqxanada qalırıq. 



- İndi evin pulunu almısız... Sirr deyilsə, məbləğ nə qədərdir? 



- Almışam, 25 min manatdır. O da ki, çox zülmlə alındı. O qədər üzrxahlıq-filan. Həm də bilirsiz nədir? Anar müəllimdən çox qorxdum. O təhlükəli adamdır. O vaxt “Proloq” qəzetini bağlatmışdı. Hətta indi onun haqqında nəsə sizə də tənqid demək istəmirəm. Qorxuram sizin qəzeti də bağlasın (gülür). Düşündüm ki, Anarla o şərtlər daxilində mübarizə apara bilmərəm. 



- Ayxan bəy, bayaqdan Anarın adını çəkirsiz. Amma sizinlə, ailə üzvlərinizlə konkret Anarın kontaktı olmayıb axı... Bu işdə onun iştirakı ilə bağlı əlinizdə heç bir sübut yoxdur. Hardan bilirsiz ki, bu, onun öz təşəbbüsüdür? Bəlkə kimsə ona qaba desək, “ayı xidməti” göstərib? 



- Ola bilər. Bəlkə də Anar müəllimin xəbəri yoxdur. Amma unutmayaq ki, Anar müəllim bilir ki, onu tənqid edən bir neçə yazar var. Fikir verirsizsə, son zamanlar Azərbaycanda gənclərin bir çox sahələrdə sındırılması prosesi gedir. Bəlkə də o da onu tənqid edən bir gənci sındırmaq və ondan üzrxahlıq məktubunu almaq missiyasını üzərinə götürmüşdü? Bəlkə də o məktubu əlinə alıb, dərman kimi qəbul etmək istəyib, ola bilər. Doğrudan da Anar müəllim o üzrxahlıq məktubuna baxıb sevinirsə, Seymur Baycanın, Aqşinin ona dediyi sözləri unudursa, mən burda da üzr istəyirəm, dəfələrlə də üzr istəyərəm, təki onun ürəyi rahat olsun. Amma unutmaq olmaz ki, bir gənc yazardan bu cür qisas almaq olmaz da. Mən o vaxt demişdim ki, Anar böyük bir ədəbi nəslin qatilidir. Bunu Yazıçılar Birliyindən çıxandan sonra idi. Ola bilər ki, o qəzəblə deyilmiş söz bu üzrxahlıq məktubu ilə ona rahatlıq gətirdi. 



- Üzrxahlıq məktubunu anladım. Bəs yenidən üzv olmaq nəyə görə idi? 



- Məktuba əsasən, mən birliyə üzv oldum. Amma faktiki olaraq məni AYB ilə bağlayan heç nə yoxdur. Dostum Mövludun məktubunda üzvlüyə geri qayıtmaq məsələsi də qeyd edilmişdi. Dediyim kimi, Mövlud bir az abartmışdı.



- Məktuba cavab gəldimi? Orada nə yazılmışdı? 



- Cavab mətbuat xidmətinin katibindən gəlmişdi. Cavabda da qeyd edilib ki, “biz Ayxanı yenidən üzvlüyə qəbul edə bilərik, həyatda hamının səhvi ola bilər”. Bəlkə Anar müəllim üçün mənim addımım səhv olar. Amma mənim fikrimcə, onun da Elçibəy dönəmində Türkiyəyə getməsi bir səhv idi, milli hökumətin yanında deyildi. İndi də istəyirəm ki, ədəbi mühit, məni tanıyanlar adamlar bilsin ki, vəziyyət bu yerdə idi. Əgər o vəziyyətdə kimsə məndən qəhrəmanlıq gözləyirdisə, mümkün deyildi. Mənim bacım-qardaşım var axı. Onları tapdayıb necə imtina edə bilərdim? Onların gələcəyini nəzərə almaq lazım idi. İstəmirdim ki, mənə görə onlar əziyyət çəksin. 



- İndi ev probleminiz həll olunub? O 25 min manatla nəsə edə bilmisiz? 



- Azərbaycanda ev almaq çətindir, xüsusən də o pula. Fikirləşirik ki, indi qaldığımız yeri özəlləşdirmək imkanı olsaydı, bunu edərdik. Hələliksə heç nə yoxdur. 



- Əsgərlikdən gələndən sonra sizi qınayanlar çox oldu həmin məktuba görə? 



- Dostlar məni başa düşməmişdi. Göstərmək istəyirəm ki, Anar bir gənc yazıçını nə vəziyyətə gətirdi, axırda üzr istəmək həddinə çatdırdı. 



- Bu iddialarınızla bağlı əlinizdə hər hansı sübut, fakt varmı? Yoxsa quru sözdən ibarətdir? 



- Bilirsiz, bunlar sözlə deyilib. Amma iz qoymayıblar. Niyə mən mülki həyatda olanda üzr istəmək tələbini qoymamışdılar? Bilirdilər ki, mən bunu heç vaxt eləmərəm, başqa variantlara əl atacam və istəkləri baş tutmayacaq. Amma əsgərlikdə olduğumu, əl-qolumun bağlı olduğunu nəzərə alıb, bunu etdilər. Nəticədə Anar qalib gəldi. Bir gənci sındırdı. 



- İndi əsgərlikdən qayıtmısız, bu məsələni Anarın özü ilə danışmaq, etdikləri ilə bağlı hesab soruşmaq istəməzsiz? 



- Anarla üzbəüz gəlib, danışmağı özümə sığışdırmaram. Mən pulu götürəndə dedilər ki, get Anar müəllimə təşəkkür elə. Amma mən getmədim. 





- Siz əsgərlikdən qayıdandan sonra pulu almaq üçün Yazıçılar Birliyinə getdiniz? 



- Bəli, təxminən bir həftənin söhbətidir. Gedib alanda bu təklifi etdilər, mən də rədd cavabı verdim. Anar müəllim o vaxt öz otağında idi. Dedim, mən Azərbaycanın ən təhlükəli adamına, öz haqqıma görə necə təşəkkür edim? Yazıçılar Birliyi ilə də indi heç bir tel məni bağlamır. Bu müsahibə də birliklə haqq-hesabı çürütmək idi. 



- Yaxşı, siz necə birliyə üzv olmusuz? 



- 16-17 yaşım vardı. 



 - İndi də 23 yaşınız var. Siz 16 yaşınızda nə yazmışdız ki, birliyə üzv qəbul edilmişdiz? 



- O vaxt Gənc Ədiblər Məktəbi vardı. Biz də gənc kimi aldandıq. Yaşım az idi, ədəbi mühitdəki söhbətləri bilmirdim. Atam oranın üzvü idi. Kitabım çap olunub, “Mən necə Polad Alemdar oldum” romanım var. 



- Siz ilk dəfə Yazıçılar Birliyindən çıxanda Rəşad Məcid sizin barənizdə tənqidi fikirlər səsləndirmişdi... 



- Bəli, demişdi ki, istedadsızdır. Mən də Azərbaycan ədəbi mühitinə sual verirəm ki, Rəşad Məcid istedadsızdır, ya mən? Hamı vəziyyəti bilir. Onun “10 sentyabr” hekayəsi Markesin “Baltasarın həyatında unudulmaz gün” əsərindən plagiatdır. Rəşad Məcidin istedadsızlığını sübut etməyə çalışmağı rəva bilmirəm. Bilinir ki, kim istedadsızdır. Lap istedadsız idimsə, niyə 2 dəfə birliyə üzv etdilər? 



- Mənzərə oxuculara aydın olsun deyə, ailənizlə bağlı dramatik vəziyyəti də xatırladaq. Səhv etmirəmsə, atanızın ölümündən sonra ananız da intihar edib... 



- Atam 2011-ci ildə insultdan rəhmətə gedib. Ondan 1 həftə sonra anam intihar etmişdi, atamın yeddisində. Bu, mənim gözümün qabağında olmuşdu... 



- İndi planlarınız nədir? 



-Xaricdə oxumaq arzum var. Kino üzrə təhsil almaq istəyirəm. Amma alınmasa yerli mediada çalışmaq istəyərdim.


Teqlər:
Bu xəbər cəmi 1475 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR