XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov Azərbaycan və Yaponiya arasında siyasi, iqtisadi və enerji sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdıraraq, ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası əməkdaşlıq komissiyasının fəaliyyətinin və qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.
Minoru Kiuçi Azərbaycanın regionda sülh və sabitliyə, enerji təhlükəsizliyinə və radikalizmə qarşı mübarizəyə verdiyi töhfələrinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüşdə enerji sahəsində iki ölkə arasında uğurlu əməkdaşlığın davamı kimi qeyri-neft sektoru, xüsusilə sənaye, kənd-təsərrüfatı, yüksək texnologiyalar, elm-təhsil və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqlar haqqında məlumat verərək, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrdə işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasının tələb olunduğunu xatırladıb. O, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirmədiyini diqqətə çatdıraraq, beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təsbit olunduğunu vurğulayıb.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.