Məktəbin direktoru Elşad Eyvazov AzVision.az-a bildirib ki, hazırda təhsil şöbəsinin inspektoru, Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri, polis idarəsinin əməkdaşları məktəbdədir və məsələ araşdırılır:
“Pünhan Tanrıverdiyevin azyaşlı sinif yoldaşı Emin və sinif rəhbəri tərəfindən döyülməsi iddia olunur. Hazırda azyazşlılar üzrə polis inspektoru, təhsil şöbəsinin inspektoru isə sinif rəhbəri Gülşarə müəllimənin izahatını alır. Məktəbin psixoloqu da buradadır. Məsələni araşdırırıq”.
Ciddi döyülmə faktının olmadığını deyən E.Eyvazovun sözlərinə görə, həmin hadisə tənəffüs vaxtı baş verib.
Direktor həmçinin bildirib ki, adı çəkilən müəllimə həmin vaxt dərsdə olmayıb:
“Hadisə ikinci dərs saatının tənəffüsü zamanı baş verib. Amma sinif rəhbərinin dərsi beşinci saat olub. Hadisə ilə bağlı valideyn Sitarə xanıma zəng edib məktəbə dəvət etdik. Mən özüm ona, qardaşlarına dərs demişəm. Valideynin dəvət olunmasına baxmayaraq məktəbə gəlməyib. Məcbur olub məktəbin təlim -tərbiyə işləri üzrə direktor müavinini onun evinə göndərdik ki, onu məktəbə dəvət etsin və məsələni araşdıraq”.
Qeyd edək ki, Sitarə Zəngəzurlu adlı şəxs Facebook sosial şəbəkəsində oğlunun şəklini paylaşaraq onun müəlliməsi tərəfindən döyüldüyünü bildirib.
“Sumqayıt şəhər 37saylı məktəbdə təhsil alan oğlum 6b sinfinin şagirdi Emin və sinif rəhbəri Gülşarə tərəfindən döyülərək bu hala gəlib hal-hazırda oğlumun vəziyyəti pisdir”-deyə qeyd edib.