Düzdür, dünyanın bir sıra ölkələrində bu problem də hələ də qalmaqdadır. Məsələn, Hindistanda tualet məsələsi daha da acınacaqlı şəkildədir. Ermənistanda tualetlərin tikilməsinə Rusiya köməklik göstərsə də, problem hələ də davam edir.
Azərbaycan paytaxtındakı ictimai yerlərin bəzilərində, əsasən də Bakının Dənizkənarı Milli Parkında demək olar ki, bu problem öz həllini tapıb. Bulvar ərazisində bir neçə müasir və böyük tualetlər var və onlar pullu şəkildə vətəndaşlara 24 saat ərzində xidmət göstərir. Dənizkənarı Milli Parkda ayaqyollarının pullu olması o deməkdir ki, bu obyektlərindən müəyyən qədər gəlirdə əldə olunur. Həmin tualetlərdə turniketlər də quraşdırılıb. Və demək olar ki, onların qaşısında həmişə az qala növbə olur. Yəni bulvara gələn insanlar tualetlərdən çox istifadə edir. Vətəndaşlar 30 qəpik əvəzində aldığı jetonları turniketə daxil edərək tualetdən istifadə edə bilirlər. Turniketin olması aylıq gəlirin hesablanmasını daha da asanlaşdırır, belə ki pul əldən-ələ keçmir. Maraqlıdır ki, Milli Parkdakı bu tualetlər nə qədər gəlir gətirir? Və buradan əldə olunan gəlirlər hara xərclənir?
“Qafqazinfo” Dənizkənarı Milli Parkda fəaliyyət göstərən tualetlərdən əldə olunan gəlirlərin məbləğini öyrənməyə çalışsa da, bu mümkün olmayıb. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov gəlirləri jurnalistin israrına rəğmən açıqlamaq istəməyib.
Əgər Azərbaycanda hətta tualetdən əldə olunan gəlirin də şəffaflığı təmin olunmursa, onda bu işdə daha başqa nəyə iddia etmək olar?..
Amma N. Məcidov bizə bulvar ərazisində fəaliyyət göstərən ayaqyollarının sayı və kimlərə məxsus olması məsələsinə aydınlıq gətirdi. N. Məcidovun sözlərinə görə, bulvar ərazisində beş yerdə yeraltı ictimai sanitar qovşaq fəaliyyət göstərir: “Həmin qovşaqlardan biri təzə bulvarın ərazisinə düşür. Təbii ki, Bayraq Meydanı ərazisində də bir tualet var. Həmin ayaqyolu Bayraq Meydanı İdarəsinin nəzarəti altındadır. Bundan əlavə, “Park Bulvar” alış-veriş mərkəzinin içərisində iki tualet var. Restoranların hamısı tualetlə təmin edilib.Təbii ki, bu Park Bulvarın və restoranların öz fəaliyyətidir. Orada alış-veriş edənlər və ya yemək yeyənlər o imkandan yararlanırlar”.
Onun sözlərinə görə, bulvarda olan digər tualetlərin qiyməti isə 30 qəpikdir: ”Kiçik yaşlı uşaqlara isə pulsuzdur. Bundan əlavə, cəmi bir dənə tualet var ki, onun qiyməti 40 qəpikdir. Bu təxminən Sahil metrosunun keçidindən Bulvara keçən hissədə karuselin arxa tərəfindədir. Həmin tualet də sahibkarın tabeliyində olduğuna görə, qiymətini 10 qəpik artırıb. İnsanlar da buna narazılığını bildirmirlər, tualetdən istifadə edirlər”.
Rəis müavini vurğulayıb ki, tualetlərdən gələn gəlirlərin hamısı xərclər üçün istifadə olunur: ”Görürsünüz ki, tualetlərdə həmişə şampunlar, sabunlar, salfetkalar var. Bundan əlavə, tualetdə işləyən bir neçə işçi, eyni zamanda xadimələr var. Hər bir tualetdə böyük komanda fəaliyyət göstərir. Tualetlər İdarəyə heç bir gəlir gətirmir. Çünki əldə olunan gəlir tualetin saxlanmasına, təmizliyinə, işçilərin əməkhaqqısına sərf olunur”.
Fürsətdən istifadə edib Nazim Məcidovdan bulvar ərazisində fəaliyyət göstərən digər obyektlərdən də əldə olunan gəlirlərin miqdarını öyrənməyə çalışsaq da, bu da mümkün olmadı. Rəis müavini bulvarda olan obyektlərin, satış köşklərinin, karusellərin, attraksionların əksəriyyətinin sahibkarlara məxsus oluğunu açıqladı: “Bulvarda “ Dənizkənarı Milli Park” adlanan müəssisə var. O da Bulvar İdarəsinin tabeçiliyindədir. Sahibkarlar Bulvarda fəaliyyət göstərmək üçün İdarə ilə müqavilə bağlayırlar və ora rüsum köçürürlər. Bir sıra böyük tikililər isə sahibkarın yox, dövlətindir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu işlərə nəzarət edir. Həmin obyektlər “Venesiya” istirahət mərkəzi, “Mirvari” kafesi, “Sahil” restoranı, Biznes mərkəzi, Muğam Mərkəzi, Kukla teatrı, Park Bulvar (“Altraksion” Səhmdar Cəmiyyətinin balansındadır) dır.
Demək olar ki, Bulvar İdarəsinin işi bulvarın təmizliyinə, abadlaşmasına, yaşıllıqların salınmasına nəzarət etməkdir. Obyekt sahibləri isə Bulvar İdarəsinin nəzdində fəaliyyət göstərən “Milli Park” müəssisəsinə rüsum köçürürlər. Təbii ki, “Milli Park” müəssisiəsi bunlardan gəlir əldə edir və bu gəlirlərin də hamısı bulvarın saxlanılmasına, təmizlənməsinə, genişlənməsinə və digər lazımi işlərə sərf olunur. Bu məsələlər Maliyyə, Vergilər Nazirliyinin nəzarəti altındadır. Burada da dövlətin bir qəpiyi israf olunmur. Nə yığılırsa, hamısı dövlətin yolunda xərclənir”.
Qeyd edək ki, ötən il martın 10-da bulvarda “Şeytan çarxı” attraksionun açılış mərasimi keçirilib. Attraksionun istifadəyə verilməsindən heç bir il müddət keçməyib. Bu qısa müddət ərzində çarxdan əldə olunan gəlirin miqdarını müəyyənləşdirmək o qədər də çətin deyil. Amma yenə də ələd olunan gəliri öyrənməyimiz mümkün olmadı. N. Məcidov bildirdi ki, attraksion dövlət tərəfindən quraşdırılıb:” “Şeytan çarxı”na minmək üçün satılan biletləri hesablasaq, nə qədər gəlir əldə olunduğunu demək olar. Amma mən bu rəqəmi dəqiq bilmirəm”.
Günel Türksoy