Ekspert “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Azərbaycan hökumətinin benzinin və dizelin qiymətinin artması məntiqini başa düşməyin çox çətin olduğunu vurğulayıb: “Burada əsas səbəb büdcəni doldurmaqdan ibarətdir. Çünki neftdən asılı olan Azərbaycan büdcəsi çox böyük risklə üzləşib. Hökumət elan edir ki, neftin ucuzlaşmasının bizə heç bir təsiri yoxdur. Artıq 2014- cü ilin büdcəsinin proqnozlar ilə müqayisədə az icra olunduğunu gördük. İlin əvvəlində təsdiq olunan proqnoz 7 faiz az icra olundu. Bu hələ ilin ortasında başlayan neft ucuzlaşmasının nəticəsidir. İl başlayandan isə neft 50 dollardan da aşağı düşüb, hökumət isə büdcəni 90 dollardan götürüb. Əgər qiymət bu cür davam edərsə, onda Azərbaycan büdcəsi proqnozu 15-20 faiz kəsrlə icra olunacaq”.
Ekspert bildirib ki, hökumət hazırda qabaqlayıcı tədbirlərə əl atır: “Bu addımlardan biri də banklarda vətəndaşların əmanətlərinə tətbiq edilən güzəştlərin ləğv edilməsidir. Bu addım nəticəsində yəqin ki, büdcəyə əlavə olaarq 30-40 milyon vəsait daxil olacaq. Ötən gecə benzinin qalxmasına səbəb kimi isə yol vergisinin ləğv olunması göstərilib. Bu ARDNŞ-nin satdığı benzinə şamil edilib. Eyni zamanda başqa ölkədən idxal olunan benzinə də yol vergisi tətbiq edilib. Hökumət əsaslandırır ki, yol vergisi ləğv olunub və bunun nəticəsində də vətəndaşlar vergini az verəcəklər. Amma büdcəyə baxsaq, son vaxtlar yol vergisinin azalmasının şahidi oluruq. Ötən il 22 milyon manat həcmində yol vergisi büdcəyə daxil olub. Hökumət bu 22 milyon manat olan yol vergisini ləğv edib və bunu yanacağa tətbiq edib. Ekspertlər isə hesablayıb ki, benzinin və dizelin qiymətinin iki qəpik artması büdcəyə təxminən 70 milyon vəsait gətirəcək. Bu o deməkdir ki, hökumət 22 milyonu 70 milyona qurban verir. Bu da üç dəfəyə qədər büdcədaxilolmalarının artması deməkdir. Bundan başqa qızıla, siqaretə tətbiq edilən aksiz vergiləri də büdcəni doldurmaq məqsədi daşıyır”.
S. Əliyev artımların başqa sahələrdə də olacağını açıqlayıb: “İlin ortasında digər sahələrdə də xərclərin artması gözlənilir. İstisna etmirəm ki, növbəti artım nəqliyyat sektorunda olacaq. Yanacağın qalxması daşınmaların qiymətini artırır. Bu da məhsulun maya dəyərinə təsir edir. Nəzərə alsaq ki, artımdan qabaq da nəqliyyat sektoru zərərlə işlədiyini qeyd edirdi. Bu da onlara əsas verəcək ki, hökumət qarşısında qiymətlərin artması təşəbbüsü ilə çıxış etsinlər. Dizelin qiymətinin artması ilk zərbəni kənd təsərrüfatına vuracaq. Çünki nə qədər paradoksal olsa da, prezident bu ili kənd təsərrüfatı ili elan edib. Kənd təsərrüfatı üçün önəmli olan yanacağa görə bu təşəbbüs uğurlu olmayan addımdır. Bu il inflyasiya 5-6 faizdən çox olacaq. Əgər dünya bazarındakı proseslər daha da sərtləşsə, Mərkəzi Bank manatı ucuzlaşdırsa, bu da inflyasiyaya təsir göstərəcək”.