“Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlət başçısına “Xəyal Adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal Adası”nın ərazisi 320 hektardır. Bu, yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən layihədir.
Azərbaycan Prezidenti “Xəyal Adası” qolf klubunda yaradılan şəraitlə də tanış olub. Dövlət başçısına burada qolf oyunlarında istifadə olunan avadanlıq və klub-kar barədə məlumat verilib.
İlham Əliyevin diqqətinə çatdırılıb ki, yaşayış sahəsində müasir tələblərə cavab verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur. “Xəyal Adası” layihəsi burada yaşayacaq insanların bütün ehtiyaclarını ödəməyə hesablanıb. Buna görə də layihə çərçivəsində məktəb kompleksi, ticarət mərkəzləri, mehmanxana, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verən Qolf Mərkəzi, göllər və peyzaj sahələri yaradılır.
Prezident İlham Əliyev elektromobillə qolf sahəsini gəzib, Qolf Akademiyasında yaradılan şəraitlə də tanış olub. Burada idman avadanlığı mağazası və kafe də fəaliyyət göstərəcək. Akademiyada kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək.
Sonra dövlətn başçısı ərazini gəzib, tikintisi davam etdirilən villalarda yaradılacaq şəraitlə tanış olub. O, tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.