Hazırda respublikada iqtisadi fəal əhalinin sayı 4 milyon 634 min nəfərdən yuxarıdır. Onların da 4 milyon 388 min nəfərini məşğul əhali təşkil edir. 250 minə yaxın vətəndaş işsiz sayılır və bu da iqtisadi fəal əhalinin cəmi 5,4%-i deməkdir. Bu rəsmi rəqəmlərdir. Amma buna baxmayaraq, Azərbaycanda iş yerləri yaradılsa da, hələ də bəzi vətəndaşlar işsiz statusu daşıyırlar. Məsələn, universiteti bitirən gənc əmək yarmarkalarında ona təklif edilən hər hansı bir işdə çalışmaq istəmir. Qərarını belə əsaslandırır ki, təklif edilən iş yeri onun tələblərinə cavab vermir və layiqli iş yeri deyil. Görəsən layiqli iş yeri nə deməkdir?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, layiqli iş yeri hər kəsin peşəsinə, ixtisasına uyğun olaraq layiqli əmək şəraiti təşkil edilən iş yeridir:
“Məsələn, bir şəxs üçün layiqli sayıla bilən iş yeri digəri üçün sayılmaya bilər. Tutaq ki, peşəkardır və uzunmüddətli təcrübəsi var. Hansısa sahədə uzun müddət çalışıb, ona təklif edilən iş yeri müvafiq olmaya bilər. Layiqli iş yeri şəxsin ixtisasına, peşəsinə uyğun olan və müvafiq olaraq əmək haqqı olan bir iş yeridir. Layiqli iş yeri dedikdə, yüksək əməkhaqqı və işləmək üçün maksimum əlverişli şəraitin yaradılması nəzərdə tutulur. Birinin universitet bitirib ofisiant işləməsi layiqli iş sayıla bilməz. Belə əsaslandırıla bilər ki, ixtisasına, peşəsinə uyğun olan layiqli məşğulluq deyil. Layiqli və məhsuldar iş, yoxsulluqla mübarizə aparmağın və özünü təmin etməyin ən səmərəli yollarından biridir.”
Sosioloq Cavid İmamoğlunun sözlərinə görə isə iş insanın real potensialına cavab verməlidir. Potensiallı insanlar hər bir halda özlərinə layiqli vəzifə əldə edə bilirlər. Bir çox hallarda isə sadə peşə yanaşması olmayan gənclər iş axtarmağın üsullarını bilmədikləri üçün öz peşələrindən kənar iş fəaliyyəti ilə işləməyə razı olurlar:
“Təbii ki, belə olan halda onlar öz potensiallarına layiq işdə işləməmiş olurlar. Digər tərəfdən ölkə əhalisinin məşğulluğuna cavabdeh olan məşğulluq idarələrində də iş çeşildləri çox kasaddır. Belə ki, burada daha çox xidmət sektoruna aid iş yerlərinə rast gəlinir. Bunun əsas səbəbi şirkətlərin öz vakant yerləri haqda məşğulluq idarələrinə məlumat verməmələri, daha çox kadr şöbəsi vasitəsi ilə internet üzərindən işçi axtarmalırıdır.”
Sosioloq bildirdi ki, belə olan halda, bacarıqlı gənclər, hansılar ki, işi harda axtarmağın yollarını bilirlər, onlar bu boş vakansiyalara namizədliklərini irəli sürüb layiqli işə sahib olurlar: “Bütün bunlardan xəbərsiz olan vətəndaş isə məşğulluq idarəsindəki təklifləri özünə layiq bilməyib bir çox hallarda işsiz qalır. Odur ki, iş axtarmaq və sairə bu mövzularda maarifləndirmə işi aparılmalıdır ki, insanlar layiq olduqları işləri harada və necə axtarmaq lazım olduqlarını bilsinlər.”