“Erməni əsgərinin Ağdamda nə işi var?”
Ermənistan keçən il yay aylarında və ilin sonunda bir neçə dəfə açıq təxribatlara əl atmışdır. Hər iki dəfə Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu. Yay aylarında 50-dən çox işğalçı məhv edildi. Noyabr ayında isə ermənilərin təxribatı cavabsız qalmamışdır. Bütün bu təxribatların nəticəsində baş verən hadisələrə görə Ermənistan rəhbərliyi - kriminal, diktatura rejimi məsuliyyət daşıyır.
Bunu Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmiş iclasında bildirib.
Prezident vurğulayıb ki, Ermənistanın bugünkü acınacaqlı vəziyyətinə görə də bu ölkənin indiki və əvvəlki rəhbərliyi bilavasitə cavabdehlik daşıyır.
“Çünki məhz onların işğalçı siyasətinə görə Ermənistan müstəqil ölkə kimi özünü göstərə bilməmişdir. Faktiki olaraq heç müstəqilliyi əldə etməmişdir. Sadəcə olaraq bu, formal bir məna daşıyır”.
Silahlı Qüvvələrin Ali Baş Komandanı bəyan edib ki, bizim ordumuz keçən il öz qüdrətini, nəyə qadir olduğunu göstərdi.
“Düşmənə də, düşmənin havadarlarına da göstərdi ki, istənilən vaxtda Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa edə bilər. Sadəcə bu məsələ öz həllini danışıqlar yolu ilə tapsa, əlbəttə ki, daha yaxşı olar.
Danışıqlar prosesində heç bir irəliləyişin olmamasına baxmayaraq, mən hesab edirəm ki, keçən il Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox böyük işlər görmüşdür - həm siyasi sahədə, həm regional çərçivədə və həm də hərbi sahədə - döyüş meydanında. Biz ermənilərə elə dərs verdik ki, indiyə qədər özlərinə gələ bilmirlər, təşvişdədirlər, isterikadadırlar. İndi bizi müxtəlif beynəlxalq tədbirlərdə ittiham etməyə çalışırlar. Amma sual olunur: Erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var?
Erməni ordusunun orada nə işi var? Nə üçün onlara bunu bizdən başqa heç kim açıq-aydın şəkildə demir? Bu məsələ ilə məşğul olan vasitəçilər buna nə üçün biganə yanaşırlar? Bax, bu suallar ritorik suallardır. Biz bilirik nə üçün. Amma yenə də biz bu sualları hər bir tədbirdə, hər bir forumda verməliyik. Dövlət məmurları, ictimai xadimlər, deputatlar, adi vətəndaşlar, vətəndaş cəmiyyətinin üzvləri bu sualları verməlidirlər. Qoy, bu suallara, ikili standartlar siyasətinə, ermənipərəst siyasətinə görə cavab versinlər. Yoxsa bu qədər riyakarlığa artıq dözmək çətindir”.