2013-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 2014-cü ilin eyni dövründə Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatlarından cəmi borc alanların sayı 19,2%, başqa sözlə, 369 603 nəfər artaraq bu ilin dekabr ayının 1-nə 2 mln. 289 min 861 nəfər təşkil edib.
APA-nın Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən yaydığı məlumata görə, bunun 10 min 720 nəfəri hüquqi, 2 mln. 259 min 061-i fiziki şəxs, 20 min 080 nəfəri sahibkarlıq subyektidir.
Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2013-cü ilin noyabr ayından indiyədək daha 365 281 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 788 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 3534 nəfərlik artım olub.
Təkcə, oktyabr ayı ilə müqayisədə noyabrda bankdan kredit götürən fiziki şəxslərin sayında 27492, sahibkarlıq subyektlərinin sayında 355, hüquqi şəxslərin sayında isə 41 nəfərlik artım olub.
Bu ilin noyabr ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 296 756 sorğu daxil olub. Başqa sözlə, son bir ildə MKR-ə müraciətlərin sayı 30,54% artıb. Bu sorğuların 285 917-si banklar tərəfindən daxil olub. 10839 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə kredit reyestrinə müraciət edib.
Bu ilin 11 ayının göstəricilərini təhlil edəndə məlum olur ki, ümumilikdə fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, ilin əvvəli ilə müqayisədə noyabr ayında reyestrə daxil olan sorğular 6,03 dəfə çoxalıb. Məsələn, yanvar ayında 1799, fevralda 3452, martda 4228, apreldə 5589, mayda 4073, iyunda 4086 nəfər, iyulda 9205, avqustda 6487, sentyabrda 8580, oktyabrda 9188 nəfər kredit tarixcəsini öyrənmək istəyib, noyabrda bu göstərici 10839-a yüksəlib. Başqa sözlə, oktyabr ayı ilə müqayisədə noyabrda fiziki şəxslərin sorğularının sayı 1,18 dəfə artıb.
Noyabr ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 289 861, kredit məlumatlarının ümumi sayı isə 8 784 209 təşkil edir. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 076 859-dur.
Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.