“Bahalı avtomobillərdə 10 min manatdan artıq qiymət artımı gözlənilir”.
Bu haqda iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib.
Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən son dəyişikliklər Azərbaycana xaricdən gətirilən avtomobillər üçün ödənilən aksiz vergisinin məbləğini artıracaq:
“Mühərrikinin həcmindən asılı olaraq bütün növ avtomobillərin ölkəyə idxalına tətbiq edilən vergilər dəyişdirilir. Yeni dəyişikliklərə əsasən, mühərrikinin həcmi 2.000 kubsantimetrə qədər olan avtomobillərdə hər sm/kuba görə aksiz vergisinin məbləği 15 qəpikdən 20 qəpiyə, mühərriki 2.000-3.000 kubsantimetr olan avtomobillərdə 1 manatdan 1,5 manata, 3.000-4.000 kubsantimetr olan avtomobillərdə 2 manatdan 4 manata, 4.000-5.000 kubsantimetr avtomobillərdə 4 manatdan 8 manata, mühərrikinin həcmi 5.000 kubsantimetrdən artıq olan avtomobillərdə isə 4 manatdan 10 manata qaldırılıb.
Son dəyişikliklərə diqqət yetirəndə bəlli olur, mühərrikinin həcmi böyük həmcli olan avtomobillərdə daha yüksək qiymət artımları müşahidə ediləcək. Məsələn, mühərrikinin həcmi 5.000 kubsantimetrdən artıq olan avtomobillərdə qiymət artımları hətta 10 min manatdan da yüksək olacaq”.
Ekspert xüsusən də yeni istehsal olunan, işlənməmiş avtomobillərdə daha ciddi qiymət artımlarının olacağının gözlənildiyini bildirib:
“Mühərrikin həcmi 4.000-5.000 kubsantimetr olan avtomobillərdə qiymət artımları 6.600 manatadək yüksələcək. Bu növ avtomobillərdə orta hesabla 5.000 manat qiymət artımı olacaq. Mühərrikin həcmi 2.000 kubsantimetrə qədər olan avtomobillərdə isə cüzi xərc artımı gözlənilir. Bu avtomobillərin ölkəyə idxal xərci 100 manatdan çox artmayacaq. Əgər bu avtomobillərdə qiymət artımı müşahidə ediləcəksə, o zaman süni qiymət artımı olacaq.
2013-cü ildə ölkəmizə 103 min avtomobil idxal olunmuşdu. Bunların 94 mini minik avtomobili idi”.
V.Bayramov onu da qeyd edib ki, 2014-cü idə avtomobil idxalı əvvəlki illə müqayisədə 30 faizdən artıq azalıb:
“Bu isə daha çox ötən ilin aprelində ölkəmizdə Avro-4 standartının tətbiqi ilə əlaqədar istehsal ili köhnə olan avtomobillərin idxalına tətbiq edilən qadağa ilə bağlıdır. Avtomobil idxalına tətbiq edilən aksiz vergilərinin artırılmasının bu il avtomobil idxalını azaltmaqla yanaşı, ölkəmizə daha çox mühərrik həcmi kiçik olan maşınların gətirilməsinə səbəb olacağı gözlənilir. Bu isə o deməkdir ki, qiymət artımları mühərrik həcmi böyük olan avtomobillərə tələbin azalmasına səbəb olacaq ki, bu da bahalı maşınların satışında durğunluq yaradacaq. Əksinə, mühərrik həcmi kiçik olan avtomobillərin satışının çoxalacağı gözlənilir”.