Yeni il şənliklərinin əsas personajı olan Santa Klaus təkcə xeyirxah baba deyil, həm də əla gəlir gətirən əsl biznes layihədir. Müxtəlif biznes sahibləri – səxslər və şirkətlər, həttə bütöv ölkələr Santa obrazından fərqli surətdə faydalanırlar.
Santa Klaus – dünyanın ən tanınan brendirir. Brendin dəyəri “Apple”, “Coca-Cola” və “Google”u 10 dəfələrlə üstələyir. Ən məşhur brend üzərindən təkcə məhsul istehsalçıları və riteylerləri deyil, hətta ölkələri belə pul əldə edir. Axı Santa Klaus turist cəlb etməyin ən gözəl üsullarındandır. Alimlər Santanın brend kimi iqtisadi tərəflərini araşdırıblar.
“Coca-Cola” reklamı ilə populyarlaşdı
Uşaqlara xizəklə hədiyyə paylayan şən Santa Klaus obrazı XIX əsrdə ABŞ və Kanadada formalaşıb. 1809-cu ildə onun haqqında “Nyu-Yorkun tarixi” ensiklopediyasında Vaşinqton İrvinq danışıb, mövzunu 1823-cü ildə “Miladdan öncəki gecə və ya Müqəddəs Nikolayın ziyarəti” adlı poemasında Klark Mur genişləndirib. 1863-cü ildə isə rəssam Tomas Nast “Harper’s Weekly” jurnalında Santa-Klausu silsilə karikatura və uşaq rəsmlərində təsvir edib.
XX əsrin əvvəlində Santa-Klausu reklamlarda istifadə etməyə başladılar. 1915-ci ildə sərinləşdirici içki istehsalçısı olan “White Rock Beverages” şirkəti mineral suların reklamında , 1923-cü ildə isə pivə reklamında Santa obrazından istifadə edib. Doğrudur, ağ-qırmızı libaslı baba ilk dəfə “White Rock Beverages” şirkətinin elanlarında görünsə də, o, “Coca-Cola” reklamlarına çəkiləndən sonra daha çox populyarlıq qazandı. 1931-ci ildə rəssam Heddon Sandblom Santa Klaus obrazını daha da təkmilləşdirərək, şirkətdə də qeyd edildiyi kimi, “Santa kostyumu geyinmiş insanı deyil, Santanın özünü” yaratdı.
Sonsuz sərvətli personaj
Artıq Milad Bayramından öncə tez-tez mətbuatda Santanın “həyatı” barədə təfərrüatlar dərc olunurdu. Onun “biznesinə” isə hətta ən ciddi qurumlar belə tədricən ciddi yanaşmağa başladılar. Belə ki, Santaya ABŞ-a giriş və onun ərazisindən uçuş icazəsi ölkənin Kənd Təsərrüfatı Nazirliyi və Vətəndaş aviasiyasının idarə edilməsi federal idarəsi tərəfindən verilir. 1995-ci ildə isə yerli qəzetlərdən biri səhvən “Santanın qaynar xətt nömrəsi” yerinə Şimali Amerikanın Aerokosmik Müdafiə Vahid Komandanlığının (NORAD) nömrəsini qeyd etmişdi.
NORAD-da isə “sehrbaz”a zəng vuran uşaqları məyus etməmək üçün onlara Santa Klausun xizəklərinin “koordinatları”nı demək qərarına gəldilər, daha sonra bu, ənənə halını aldı. 1998-ci ildən etibarən Santanın uçuşunu “Santa Tracker” saytı, 2009-cu ildən isə “Google Earth” servisi vasitəsilə izləmək olar.
Bu yaxınlarda Santanı hətta Google-la müqayisə ediblər. Yəni həm Santa, həm də Google “hamı haqda hər şey” bilirlər: “kim harada yaşayır, nə axtarır və məktublarda daha çox nə yazır”.
Santa Klausun “mövcudluğunu” hətta “Forbes” təsdiq edib: 2005-ci ildə dünyanın ən zəngin uydurma personajları arasında Santa Klaus birinci pilləni tutmuşdu. Artıq növbəti ildə Santa sözügedən siyahıdan çıxarıldı. Belə ki, reytinq tərtibatçıları onu uydurma personaj kimi qəbul etməkdən imtina etdilər.
1,6 trilyon dollarlıq brend
Santa üçün ayrıca ticarət nişanı kimi (vəya Milad simvollarından biri kimi) xüsusi brendbuk tərtib olunub. Brendbukda deyilir ki, brendin dəyəri əsasən saqqalın böyüklüyündən və qarnın ölçüsündən asılıdır.
Britaniyanın “BrandFinance” analitik agentliyi Santanın ticarət nişanı kimi dəyərini 1,6 trilyon dollar həcmində hesablayıb. Müqayisə üçün qeyd edək ki, Eyni agentliyin hesablamalarına görə dünyanın ən bahalı brendi olan “Apple”-ın dəyəri 87,3 milyard dollardır. Amerikanın “Insure” nəşriyyatı Santanın ehtimal olunan maaşını da hesablayıb. Onun 2013-cü il üçün ehtimal olunan “gəliri” təqribən 138 min dollar olub (əvvəlki illə müqayisədə 2% daha çox). “Insure”-nin sorğusunda iştirak edənlərin 27%-i Santanın illik gəlirinin 1,8 milyard dollar olmasının tərəfindədirlər (dünya üzrə 15 yaşındadək uşaqların hər birinə görə 1 dollar), respondentlərin 37%-i isə düşünürlər ki, Santa Klaus ümumiyyətlə gəlir əldə etməməlidir.
Santa Klaus Çinə səyahət edir
Santanın ticarət nişanı kimi əsas çatışmazlığı – onun ildə yalnız bir dəfə yada salınmasıdır. Finlandiyada (Santanın qərargahının yerləşdiyi Laplandiya ərazisi) artıq bu ilin dekabrından brendin bütün dünyada təşviqatının aparılmasına qərar verilib. Bu işə Çindən başlanacaq: Fin höküməti Santanın Çində reklamına 300 min avro ayırıb. Milad personajının kompüter oyunları, beynəlxalq sərgilər və tematik parkların köməyilə populyarlaşdırılması nəzərdə tutulub. Finlandiyada “reklam platforması” kimi Çinin seçilməsini Milad ərəfəsində Asiyadan Laplandiyaya turist axının çoxluğu ilə izah edirlər. Beləliklə, Santa ilin digər vaxtlarında da Asiyalılar arasında populyar olaraq qalacaq.
Avropa və Amerikada Santanın populyarlığı daha çox Milad və Yeni İl öncəsi endirimlərlə əlaqələndirilir. Bu il amerikalılar “Qara Cümə” günündə (qış endirimləri mövsümünün ilk günü) və ondan sonrakı həftəsonları alış-verişlərinə ümumilikdə 57 milyard dollardan çox pul xərcləyiblər.