“Qafqazinfo” Əvəz Zeynallı ilə müsahibəni təqdim edir:
- Əvəz bəy sizi azadlığa çıxmağınız münasibətilə təbrik edirik. İlk öncə əfv sərəncamına münasibətinizi bilmək istərdik. Necə qiymətləndirirsiniz?
- Çox sağ olun. Mən də sizi təbrik edirəm. Əfv sərəncamını çox üzüntü ilə qarşıladım. Düzdü, bir neçə siyasi məhbus azadlığa buraxıldı, ancaq mənim gözləntim çox böyük idi. Heç olmasa birgə qrupun siyahısında olan 27 məhbusun hamısının azadlığa çıxmasını istəyirdim. Amma çox təəssüf. Təəssüf ki, bu gözləntilərimiz olmadı. Tam bir əfv demək olmaz, yenə siyasi məhbus problemi eynilə qalır. Güman edirəm ki, yaxın müddətdə yenidən siyasi məhbusların hamısının əfvi ilə bağlı sərəncamlar olmalıdır.
- Əvəz bəy, qısa olaraq istərdik ki, həbsxana həyatınız barədə danışasınız. Səhhətiniz necədir? Bu, bir neçə il necə keçdi?
- 3 il, 2 ay, 2 gün həbsxanada oldum. Bu, 1158 gün edir. Həbsxana gündəliklərini yazdım. 3603 səhifə oldu. Mustafa Kamal Atatürkün “Nutuk” əsərini tərcümə etdim. 120-dən çox kitab oxudum. Həm də ictimai-mədəni hadisələrdə iştirak etdim.
- Səhhətiniz necədir?
- Səhhətim normaldır. Bəzi problemlər var, orada da həkimlərin yanında oldum, onlar da müalicəsinin Azərbaycanda mümkün olmadığını demişdilər. Hər halda çalışacam onu da müalicə elətdirim. Amma ümumilikdə normaldır.
- İttihamla bağlı nə deyərdiniz? Sizə qarşı irəli sürülmüş ittihamı necə qiymətləndirirsiniz?
- Təbii ki, ədalətli deyil. Biz hüquqi mübarizəni sonadək davam etdirəcəyik. İşimiz artıq Avropa məhkəməsindədir. Bu iş də daxil olmaqla Avropa məhkəməsində 7 işimiz var. İttihamın doğru olmadığını, saxta olduğunu, ədalətsiz olduğunu əslində prezidentin bu əfvi də göstərmiş oldu. Bu, ədalətsizliyin, haqsızlığın qarşısını həm də almış oldu. Çünki həm Azərbaycan ictimaiyyəti, həm də dünya ictimaiyyəti çox gözəl bilirdi ki, məqsəd Əvəz Zeynallını susdurmaq və Xural qəzetini bağlamaq idi.
- Əvəz bəy, sizin həbsiniz digər həbslərdən qəribə bir aspektdə fərqləndi ki, ərizəsi ilə sizi həbs etdirmiş millət vəkili özü həbs edildi və nə qədər qəribə olsa da, elə sizdən öncə də azadlığa çıxdı. Buna münasibətiniz necədir?
- Bu, Azərbaycan reallığıdır. Azərbaycan hakimiyyətinin hansı təməllər üzərində bərqərar olduğunu göstərir. Həmin deputat qadındı, Allah qapısını açsın. Amma bu, həm də onu göstərir ki, mənim məsələm təkcə bir deputatın məsələsi deyildi. Yəni həmin deputatın mənsub olduğu hakimiyyətin azad mətbuatı boğmaq cəhdi idi. Və ikinci mərhələ, çox önəmli bir mərhələ, 2011-ci ildə mənim həbsimlə başladı. İndiyədək jurnalistlərə bir il, iki il, üç il həbs cəzası verirdilər, amma mənim həbsimdən sonra 8, 9, 10 ilə qalxdı.
- Hökumətə sözünüz nədir?
- Hörmətli İlham Əliyev bir an öncə bütün siyasi məhbusları, beynəlxalq ictimaiyyətin siyasi məhbus kimi tanıdığı bütün insanları azadlığa buraxmalıdır. Başqa yol yoxdur, çünki, bunların əksəriyyətini heç prezident tanımır, heç o insanlar da prezidenti tanımır. Yəni o mənada, prezidenti tanımayanın və prezidentin tanımadığı adamların Azərbaycana problem yaratmağının nə mənası var ki? İlham Əliyev, Azərbaycan hökuməti bütün siyasi məhbusları azad etməlidir ki, Azərbaycanın üzərinə gələn böyük hücum dalğalarının qarşısını ala bilsin.
- Sonda istərdik ki, sizin müdafiənizdə əməyi olan beynəlxalq qurumlara, yerli qurumlara, insanlara sözünüzü radiomuz vasitəsilə çatdırasınız.
- Mən hamısına təşəkkür edirəm. Sizin radio, AzadlıqRadiosu, beynəlxalq təşkilatlar, Amerika Dövlət Departamenti, Avropa Şurası, Avropa Birliyin, indi həbsdə olan Leyla xanım, Xədicə xanım – bu insanların hamısı, adını çəkmədiyim onlarla belə təşkilatlar bizim səsimizin dünyaya çatdırılmasında çox böyük rol oynayıb. O təşkilatların hər birinin üzvünə və bu məsələ ilə məşğul olan bütün media üzvlərinin hamısına təşəkkür edirəm. Yəqin bu yaxınlarda mənim bununla bağlı çox geniş yazılarım olacaq. Çünki bu tip insanların və təşkilatların sayı həddən artıq çoxdur. Yaxşı ki onlar var, yoxsa bizim səsimizi heç kim dünyaya çatdıra bilməzdi.
- Əvəz bəy, buradan da belə başa düşmək olur ki, fəaliyyətinizi davam etdirəcəksiniz.
- Eynilə!