Azərbaycanda yol vergisinin hesablanması və ödənilməsinə yeni nəzarət mexanizmi hazırlanıb. Fins.az-ın “APA-Economics”-ə istinadən məlumatına görə, vergilər nazirinin müavini Natiq Əmirov Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında deyib ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklikləri özündə əks etdirən müddəalar layihəyə daxil edilib.“Məlum olduğu kimi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən, hüquqi və fiziki şəxslərə aid olan mexaniki nəqliyyat vasitələri istehsal olunduqları vaxtdan 4 il keçdikdən sonra iki ildə bir dəfə, 10 il keçdikdən sonra isə hər il texniki baxışdan keçirilməlidir. Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələri texniki baxışdan keçirilməyən illərə görə yol vergisinin dövlət büdcəsinə ödənilməsi mexanizmi olmadığı üçün bu verginin dövlət büdcəsinə köçürülməsi tam təmin edilmir.Layihəyə əsasən Azərbaycan Respublikası ərazisinə daxil olan və Azərbaycan Respublikası ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələrinin, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və Azərbaycana idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın yol vergisinin vergitutma obyekti hesab olunması təklif edilir”, - deyə N. Əmirov bildirib.Nazir müavini bildirib ki, layihədə yol vergisinin Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzinin, dizel yanacağının və maye qazın hər litrinin topdan satış qiymətinə və idxal olunan həmin malların gömrük dəyərinə 2 qəpik əlavə edilməklə hesablanması nəzərdə tutulub. “Bu verginin düzgün hesablanmasının və vaxtında büdcəyə ödənilməsinə nəzarət Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən mallara münasibətdə vergi orqanları, idxal olunan mallara münasibətdə isə dövlət gömrük orqanları həyata keçirəcək”, - deyə nazir müavini əlavə edib.