Maklerlər evlərin qiymətinin düşdüyünü təsdiqlədilər. Bu mövzuda söhbət elədiyimiz Nüsrət Ağayev ev kirayələyənlərdən çox, ev almaq istəyənlərin olduğunu dedi: “Evlərin kirayə qiyməti stabildir. Yəni bahalaşmayıb. Ev kirayələyənlərin sayı azdır. İndi baxırsan ki, insanlar qiymətlərin stabil olmasından istifadə edərək daha çox ev almağa üstünlük verir”.
Söhbətə qoşulan digər makler Orxan Əliyev daha çox Rusiyada yaşayan soydaşlarımızın buradakı evlərini satdığını dedi: “Rusiyada yaşayan bir nəfər tanış məndən iki mənzilini satmağımı istəyib. Özü də ucuz verir. Ancaq evlərin ucuzlaşmasına baxmayaraq alıcı yoxdur. Çünki camaatda pul yoxdur. Ümumiyyətlə isə evlərin qiyməti 10-30 min manat arasında ucuzlaşıb. Əvvəllər 100 min manata satılan mənzillər indi 80 min manatdan təklif olunur. ”Leninqrad proyektli" mənzillər əvvəllər 110 min manata satılırdı, indi 90-95 min manatadır. Kirayə mənzillərin qiymətində isə ciddi dəyişiklik yoxdur. Xarici ölkələrdən, Rusiyadan, Ukraynadan qayıdan ailələr kirayə ev axtarır. Kirayə evlər təmirli və təmirsiz olmasına və şəhərin hansı yerində yerləşməsinə görə qiyməti dəyişir. Məsələn, “Neftçilər” və “Qara Qarayev” metrosu yaxınlığında iki otaqlı, tam şəraitli, əşyalarla təmin olunmuş mənzillər 350-400 manata kirayə verilir. Əşyasız və təmirsiz mənzillər isə nisbətən ucuzdur".
****
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin sədri Ramil Osmanlı mənzil bazarındakı qiymətlərlə bağlı monitorinqlər apardıqlarını bildirdi: “Mənzil bazarında ucuzlaşmalar var. Amma bu cüzidir. Qeyri-yaşayış sahələrində oktyabr ayının sonuna olan göstərici ilə müqayisədə 7 faizdən çox azalma var. Artıq bu azalma demək olar ki, 10 faizə yaxınlaşır. Amma mənzillərin qiymətində kəskin, nəzərə çarpacaq azalma müşahidə olunmur. Hələ ki nisbi, yəni təqribən 1-2 faiz azalmalar var. Bu da böyük rəqəm hesab olunmur. Düşünürəm ki, mənzillərin qiymətinin azalması ilə bağlı daha dəqiq rəqəmləri, göstəriciləri yanvar ayının sonunda açıqlamaq olacaq. Çünki adətən ilin sonu daşınmaz əmlak bazarı üzrə bir qədər bazarın stabilləşməsi, dinamikanın aşağı düşməsi ilə müşahidə olunur. Burada müxtəlif səbəblər var. Məsələn, ipoteka kreditlərinin ilin sonu ilə bağlı limitin tükənməsi, eyni zamanda söküntüyə ayrılan vəsaitlərin büdcə kəsirləri ilə bağlı dayandırılması və sairəni buna misal göstərmək olar. Yəni yanvar ayının sonlarından daşınmaz əmlak bazarındakı vəziyyəti təhlil etmək mümkün olacaq”.
R.Osmanlı mənzil bazarında alıcıların olmadığını və durğunluq yaşandığını bildirdi: “Ümumiyyətlə, son dövrlər bazara daşınmaz əmlak bazarında qiymət düşür, kəskin qiymət azalması və sairə kimi birtərəfli informasiyalar ötürülür. Təəssüflər olsun ki, bu informasiyaları sahə üzrə heç bir araşdırması olmayan qruplar ötürürdü. Buna görə də bazardakı alıcılar gözləmə mövqeyinə keçiblər. Onlar düşünürlər ki, ilin sonu və növbəti ilin əvvəlində çox ciddi qiymət azalmaları baş verəcək. Buna görə də alıcılar əllərində olan müəyyən qədər vəsaiti növbəti ilə saxlayırlar. Bu da bir qədər zərərli tendensiyadır. Çünki düşünürəm ki, növbəti ildə müəyyən proseslərin fonunda bunun alıcıya nəinki xeyri, ziyanı ola bilər”.
“Yeni Müsavat”